Boks millimizdən möhtəşəm uğur: 18 illik rekord yeniləndi, Sofiyada 5 medal!
Azərbaycanın kişi boksçulardan ibarət milli komandası Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında medal sayına görə tarixi rekorda imza atıb.
TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.
Boksçu Seyidcəmşid Cəfərovun (75 kq) yarımfinala vəsiqə qazanması ilə təmin olunan medal sayı 5-ə yüksəlib. Bununla da milli komandamız Avropa çempionatları tarixində yeni bir ilki reallaşdırıb. İndiyədək boksçularımız analoji turnirlərdə bir yarışda ən çox 4 medal qazana bilmişdilər - 2006-cı ildə Plovdivdə və 2013-cü ildə Minskdə keçirilən turnirlərdə 4 dəfə fəxri kürsüyə qalxmışdılar. Sofiyada 5 medalın təmin olunması isə rekord göstəricidir.
Qeyd edək ki, millinin heyətində Seyidcəmşid Cəfərovdan öncə Sübhan Məmmədov (50 kq) və Nəbi İsgəndərov (70 kq) finala, Amin Məmmədzadə (55 kq) isə yarımfinala yüksəlib. Məhəmməd Abdullayev (+90 kq) isə çempionatı bürünc medalla başa vurub.
Avropa çempionatına sentyabrın 25-də yekun vurulacaq.
Namiq HUN