Azərbaycan və Türkiyə ordusu üçün yeni birgə layihələr gəlir

Azərbaycan və Türkiyə ordusu üçün yeni birgə layihələr  gəlir
30.09.2026 19:33 Hərbi

Müdafiə naziri general-polkovnik Zakir Həsənovla Bakı Ekspo Mərkəzində keçirilən "ADEX-2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək məqsədilə ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikası Prezident Administrasiyası yanında Müdafiə Sənayesi İdarəsinin sədri cənab Haluk Görgün arasında görüş keçirilib.

TodayPress TV xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycan ilə Türkiyə arasında hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığın inkişaf etdirildiyi, mövcud olan strateji müttəfiqliyin və müdafiə sahəsində əməkdaşlığın regional təhlükəsizliyə, dayanıqlı sülhə və sabitliyə dəstək məqsədi daşıdığı xüsusi qeyd edilib.

General-polkovnik Zakir Həsənov və Haluk Görgün müdafiə sahəsində birgə layihələrin mövcud vəziyyətini və inkişaf perspektivlərini müzakirə edib, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıb.

Haluk Görgün qardaş Azərbaycanla hərbi və hərbi-texniki əməkdaşlıq sahələrində əlaqələrin müsbət dinamikasından məmnun olduğunu bildirib.

Beynəlxalq sərgi çərçivəsində Türkiyənin "ASELSAN", "Baykar", "Roketsan" və "TUSAŞ" hərbi-sənaye şirkətlərinə məxsus stendlərə baxış keçirilib, nümayiş etdirilən silah, texnika, aviasiya və uçuş vasitələri haqqında Azərbaycan nümayəndə heyətinə ətraflı məlumat verilib.

XƏBƏR LENTİ
30 SENTYABR 2026
Bütün Xəbərlər