Yaponiya okeanların dərinliyində nadir torpaq elementləri aşkar etdi
Dünya
02.02.2026 11:24
Yaponiyanın elmi-tədqiqat missiyası çərçivəsində okeanın 6 min metr dərinliyində nadir torpaq elementləri ehtiva edən çöküntülər aşkar edilib.
TodayPress TV xəbər verir ki, bu barədə Tokio hökuməti məlumat yayıb.
Bildirilib ki, nümunələr dekabr ayında Yaponiyaya məxsus uzaq Minamitori adasına doğru yola çıxan dərin dəniz elmi qazma gəmisi “Çikyu” vasitəsilə toplanıb. Alimlərin qiymətləndirməsinə görə, adanı əhatə edən sularda 16 milyon tondan çox nadir torpaq elementi ehtiyatı gizlənə bilər və bu rəqəm təsdiqlənərsə, sözügedən yataq dünyanın ən böyük yataqlarından biri hesab olunacaq.
“Yaponiya Minamitori ərazisində nadir torpaq elementlərinin daimi əsaslarla uğurla hasilatını həyata keçirə bilsə, bu, əsas sənaye sahələri üçün daxili tədarük zəncirini təmin edəcək”, - deyə Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun elmi əməkdaşı bildirib.
Onun sözlərinə görə, bu addım Yaponiya hökumətinin əsas hədəflərindən biri olan Çindən nadir torpaq elementləri asılılığının azaldılmasına da imkan yarada bilər.
Aysel Mətləb
tag: Yaponiya,Okean,Torpaq,Nadir,Çin,Todaypress.tv,
