Vaşinqton Pekini İrana qarşı çevirdi? – Vensdən diqqətçəkən AÇIQLAMA
ABŞ-nin İrana qarşı elan etdiyi “iqtisadi müharibə” ilə əlaqədar Çin hakimiyyəti Vaşinqtonun bir neçə sorğusuna cavab verib.
TodayPress TV xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Cey Di Vens Ağ Evdə jurnalistlər üçün keçirilən brifinqdə danışıb.
Ondan ABŞ Prezidenti Donald Trampın Çin Xalq Respublikasının sədri Si Cinpinə birbaşa müraciət edərək Çin banklarının İrana maliyyə xidmətləri göstərməsinə imkan verməməyi xahiş edib-etmədiyi soruşulub.
“Çinlə bir sıra danışıqlar apardıq və açığını desəm, hesab edirəm ki, Çin Xalq Respublikası xahişlərimizin bəzilərinə cavab verib. Prezidentin birbaşa Si ilə danışıb-danışmadığını bilmirəm, lakin bunu dəqiqləşdirib sizə sonra məlumat verəcəyik”, - deyə vitse-prezident cavab verib.
Vens İranın təcridindən danışarkən qeyd edib ki, Çin bu məsələdə əməkdaşlığa hazırdır və "bunu hamı bilir”:
“Mən demirəm ki, onlar (Çin - red.) xahiş etdiyimiz hər şeyi edirlər, lakin hesab edirəm ki, Çin Xalq Respublikası, şübhəsiz ki, İrandan və bir sıra digər ölkələrdən daha məsuliyyətli davranır.
Lakin məsələ təkcə Çindən getmir. Türkiyəyə, BƏƏ-yə, Səudiyyə Ərəbistanına, Qətərə, Fars körfəzindəki ərəb koalisiyasının bir çox ölkəsinə nəzər salsaq, bütün dünyada belə ölkələrin həqiqətən çox olduğunu görürük. Bəzən onlar bu barədə açıq şəkildə danışmağa hazır olmurlar, lakin pərdəarxasında İranın ticarət gəmilərini atəşə tutduğuna görə cəzalandırılmasını təmin etməkdə bizə kömək etmək üçün çox iş görürlər”, - deyə Vens bildirib.
Xatırladaq ki, sentyabrın 3-ü Çinin Ticarət Nazirliyinin rəsmi nümayəndəsi Huan Lin Çin hakimiyyətinin İranla ticarətə görə tətbiq edilən ABŞ sanksiyalarına qətiyyətlə qarşı çıxacağını qeyd edib. O, Pekinin beynəlxalq hüquqa əsaslanmayan və BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənməyən birtərəfli sanksiyaların tətbiqinə “qəti şəkildə qarşı” olduğu barədə dəfələrlə açıqlamalar verdiyini xatırladıb.
Aysel Mətləb