UNIFIL: İsrail Livana kimyəvi maddə püskürdüb

Dünya

02.02.2026 17:50

BMT-nin Livandakı Müvəqqəti Qüvvələri (UNIFIL) bildirib ki, İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Livanın cənubunda naməlum kimyəvi maddələr püskürdüb.

TodayPress TV xəbər verir ki, hadisə nəticəsində sülhməramlıların fəaliyyəti bir neçə saatlıq iflic olub.

Açıqlamaya görə, İsrail Müdafiə Qüvvələri əməliyyatdan əvvəl UNIFIL-i Mavi Xətt yaxınlığında “zəhərsiz” kimyəvi maddə atılacağı barədə məlumatlandırıb və sülhməramlılardan ərazidən uzaq durmağı istəyib. Bu səbəbdən bir sıra fəaliyyətlər ləğv edilib.

UNIFIL-in məlumatına əsasən, Mavi Dəbilqələr Mavi Xəttin təxminən üçdə biri boyunca doqquz saatdan çox müddətdə normal əməliyyatlar apara bilməyib. Daha sonra fəaliyyət bərpa olunub. Sülhməramlılar maddələrin toksikliyinin müəyyən edilməsi üçün Livan Silahlı Qüvvələrinə nümunələrin toplanmasında kömək ediblər.

UNIFIL Komandanlığı İsrailin bu addımını qəbuledilməz adlandıraraq, sülhməramlıların mandatlı vəzifələrinə və mülki əhalinin sağlamlığına risk yaratdığını vurğulayıb.

Türkan İsgəndərli

TodayPress TV

tag: İsrail,Livan,Zəhər,BMT,Todaypress.tv,