Tramp Venesuelanın neftinə “göz dikdi”: 65 milyard barrel neft ABŞ-yə gedə bilər
ABŞ Prezidenti Donald Trampın Venesuela hakimiyyəti ilə razılaşması Vaşinqtona ölkənin neft ehtiyatlarının təxminən beşdə birinə çıxış imkanı verə bilər.
TodayPress TV xəbər verir ki, “The Wall Street Journal”ın ekspertlərə istinadən yazdığına görə, razılaşma çərçivəsində ABŞ-nin “North American Blue Energy Partners” adlı özəl şirkətdə 35 faizlik pay əldə etməsi nəzərdə tutulur.
Şirkətə ümumi ehtiyatı təxminən 65 milyard barrel olan 17 Venesuela neft yatağının işlənməsi hüququnun verilməsi planlaşdırılır. Bu həcm ölkənin ümumi neft ehtiyatlarının təxminən beşdə birinə bərabərdir.
Razılaşmaya əsasən, Pentaqon layihənin maliyyələşdirilməsinə kömək edəcək və hasilatdan gəlir əldə edəcək. ABŞ həmçinin hasil olunan neftin 20 faizini maya dəyəri ilə almaq üçün üstün hüquqa sahib olacaq.
“Rystad Energy” analitiki Şrayner Parker isə yataqların real hasilata nə qədər sürətlə çevriləcəyinin hələ qeyri-müəyyən olduğunu bildirib.
Onun sözlərinə görə, razılaşma Venesuelanın gələcək hökumətləri dövründə də qüvvədə qalarsa, Tramp ABŞ üçün şist inqilabından kənarda strateji neft ehtiyatları təmin etmiş olacaq.
Kübra Musayeva