Rusiya sanskiyalardan qaçıb, Maldivlərdə “dincəlir”
Maldivlər Rusiyaya qarşı tətbiq olunan sanksiyalardan yayınmaq üçün istifadə edilən əsas marşrutlardan birinə çevrilib.
TodayPress TV xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri yazıb.
Məlumata görə, sxem Male hava limanı üzərindən işləyir. ABŞ, Avropa və Çindən Maldivlərə gətirilən yüklər yerli vasitəçilər tərəfindən rəsmiləşdirilir, daha sonra isə gündəlik “Aeroflot” reysləri ilə Moskvaya göndərilir.
Sənədlərin yenidən rəsmiləşdirilməsi zamanı ilkin satıcının məlumatlarının aradan qaldırıldığı, yüklərin isə yalnız minimal gömrük yoxlamasından keçirildiyi bildirilir.
İddialara görə, Maldivlər üzərindən Rusiyaya təyyarə ehtiyat hissələri, raketlərin yönləndirmə sistemləri üçün mikroçiplər, peyklər üçün optik avadanlıqlar, eləcə də təyyarə və uzaqmənzilli raketlərdə istifadə oluna bilən müxtəlif detallar göndərilir.
Rusiyanın statistikasına əsasən, Maldivlərdən ölkəyə idxalın həcmi 2021-ci ildə 7 milyon dollardan az olduğu halda, 2022-ci ildə 630 milyon dollardan çox olub.
ABŞ və Avropa İttifaqının artıq Maldivistan hakimiyyətinə təzyiq göstərərək bu kanalın bağlanmasını tələb etdiyi bildirilir.
Kübra Musayeva