Rusiya raketləri Polşaya düşdü – qırıcılar havaya qaldırıldı - VİDEO
Rusiya raketləri Polşa hava məkanına daxil oldu.
TodayPress TV xəbər verir ki, Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığı Rusiyanın Ukraynaya gecə hava hücumu zamanı naməlum obyektin ölkənin hava məkanına daxil olduğunu və qısa müddət sonra radar ekranlarından yoxa çıxdığını açıqlayıb.
Bildirilib ki, gecə ərzində Polşa və müttəfiq ölkələrin kəşfiyyat sistemləri Rusiyanın uzaqmənzilli aviasiyasının intensiv fəaliyyətini qeydə alıb. Hava hücumundan müdafiə radarları qərbi Ukrayna üzərində uçan onlarla raketi izləyib və onların marşrutlarının Polşa hava məkanı üçün potensial təhlükə yaratdığı müəyyən edilib.
Məlumata görə, Polşa sərhədinə ən yaxın obyekt yerli vaxtla saat 03:29-da sərhədə təxminən 5 kilometr məsafəyə qədər yaxınlaşıb, daha sonra istiqamətini dəyişərək şərqə doğru hərəkət edib.
Saat 03:40-da isə Polşa hava məkanında qərbə doğru hərəkət edən naməlum obyekt aşkar edilib. Onun müəyyən edilməsi və ələ keçirilməsi üçün növbətçi F-16 qırıcı təyyarəsi havaya qaldırılıb. Lakin saat 03:46-da obyekt müəyyən edilməzdən əvvəl radar ekranlarından itib.
Hadisənin araşdırılması məqsədilə obyektin sonuncu dəfə qeydə alındığı əraziyə Mi-24 helikopteri göndərilib. Helikopter heyəti obyektin Lyublin voyevodalığının Tarnava Koloniya kəndi yaxınlığında yerləşən yaşayış olmayan əraziyə düşmüş ola biləcəyini müəyyən edib. Əraziyə yerüstü axtarış-xilasetmə qrupları və digər aidiyyəti xidmətlər cəlb olunub.
Polşa polisi daha sonra Tarnava Koloniya və Tokar kəndləri yaxınlığında naməlum obyektə aid olduğu ehtimal edilən krater və səpələnmiş qalıqların aşkarlandığını təsdiqləyib.
Xatırladaq ki, iyulun 30-na keçən gecə Rusiya Ukraynaya kütləvi hava hücumu həyata keçirib. Bunun fonunda Polşa Silahlı Qüvvələri hava məkanının mühafizəsini gücləndirib, qırıcı təyyarələri döyüş növbətçiliyinə cəlb edib və Lyublin voyevodalığında hava hücumu sirenləri işə salınıb.
Jalə Rövşən