Quterreşdən təklif: Təhlükəsizlik Şurasında veto hüququ məhdudlaşdırılacaq

Dünya

30.06.2025 13:20

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş BMT Təhlükəsizlik Şurasında (TŞ) veto hüququnun müəyyən hallarda məhdudlaşdırılmasının faydalı olacağını bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə o, İspaniyanın "TVE" telekanalına verdiyi müsahibədə danışıb.

“BMT çox geniş bir təşkilatdır. Əsas problem Təhlükəsizlik Şurasıdır”, - o deyib.

Onun fikrincə, TŞ bugünkü dünyanı təmsil etmək baxımından legitimliyə malik deyil.

Baş katib hesab edir ki, Təhlükəsizlik Şurasında həm daimi, həm də qeyri-daimi üzvlərin sayının artırılması vacibdir.

“Mənim fikrimcə, bəzi hallar üçün, məsələn, soyqırımı riski olduqda, veto hüququnun məhdudlaşdırılması faydalı olardı”, – deyə Quterreş əlavə edib.

O, həmçinin qeyd edib ki, belə islahatların həyata keçirilməsi çətindir və TŞ-nin effektivliklə bağlı ciddi problemləri var.

Qeyd edək ki, hazırda BMT Təhlükəsizlik Şurasında 10 qeyri-daimi üzv var və onların yarısı hər il rotasiya qaydasında dəyişir. Lakin daimi üzvlər – Rusiya, Böyük Britaniya, Çin, ABŞ və Fransa – veto hüququna malikdir, qeyri-daimi üzvlər isə bu hüquqa sahib deyillər.

Töhfə Səməd 

tag: Birləşmiş Millətlər Təşkilatı,Baş katib,Antonio Quterreş,Təhlükəsizlik Şurası,Todaypress.tv,