Marko Rubio və Vanq Yi arasında telefon danışığı baş tutdu

Dünya

30.04.2026 22:05

Çinin xarici işlər naziri Vanq Yi ABŞ dövlət katibi Marko Rubio ilə telefon danışığı aparıb.

TodayPress TV xəbər verir ki, danışıq zamanı Pekin-Vaşinqton münasibətləri, Yaxın Şərqdəki vəziyyət və Tayvan məsələsi müzakirə edilib.

Vanq Yi bildirib ki, hər iki tərəf ciddi səylər nəticəsində əldə edilən sabitliyi qorumalı, yüksək səviyyəli qarşılıqlı fəaliyyətə yaxşı hazırlaşmalı, əməkdaşlıq sahələrini genişləndirməli, fikir ayrılıqlarını həll etməli və qarşılıqlı hörmət, dinc yanaşı yaşama əsasında qarşılıqlı faydalı əməkdaşlığa nail olmaq üçün yollar axtarmalıdır.

Rubio öz növbəsində ABŞ-Çin münasibətlərini dünyanın ən vacib ikitərəfli münasibətləri adlandırıb. D vlət katibi iki tərəfin dialoqu davam etdirməli, qarşılıqlı hörmət nümayiş etdirməli, fikir ayrılıqlarını lazımi qaydada həll etməli və ikitərəfli münasibətlərdə sabitliyə çalışmalı olduğunu vurğulayıb.

Tərəflər digər məsələlərlə yanaşı, Yaxın Şərqdəki vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.

"Tayvan məsələsi Çinin əsas maraqlarına təsir edir və Çin-ABŞ münasibətlərində ən böyük risk yaradır", - deyə Çin xarici işlər naziri bildriib və Vaşinqtonu düzgün seçim etməyə, sülhü təşviq etməyə çağırıb.

Aysel Mətləb

TodayPress TV

tag: Çin,ABŞ,Tayvan,Rubio,TodayPress TV,