Keçmiş komandirlər İsrail Ordusu haqqında elə şeylər dedilər ki...
İsrail ordusunun yedək qüvvələrinin imkanları ciddi şəkildə zəifləyib.
TodayPress TV xəbər verir ki, bu barədə İsrail Ordusunun Radiosu ehtiyatda olan hərbçilər və komandirlərə istinadən məlumat yayıb.
Məlumata əsasən, xüsusilə Livanın cənubunda fəaliyyət göstərən bəzi briqada və taborların şəxsi heyətində və texnikasında ciddi çatışmazlıq yaşanır. İddia olunur ki, rəsmi statistikada göstərilən aktiv hərbçi sayı döyüş bölgəsindəki real vəziyyəti tam əks etdirmir.
Yedək hərbi qulluqçulardan biri bildirib ki, bəzi bölmələr tam heyətlə fəaliyyət göstərmir və şəxsi heyət, tanklar və zirehli texnikanın sayı əvvəlki səviyyədən xeyli azdır.
Həmçinin xəbərdə qeyd olunur ki, uzunmüddətli əməliyyatlar nəticəsində yaranan fiziki və psixoloji yorğunluq, eləcə də kadr çatışmazlığı bəzi bölmələrdə komanda-idarəetmə sisteminə də mənfi təsir göstərib.
Bundan əlavə, İsrail Ordusu Radiosu yazır ki, hərbi xidmətini başa vurduqdan sonra ehtiyat qüvvələrə cəlb edilən bəzi gənc hərbçilər psixoloji, fiziki və təhsil səbəblərini əsas gətirərək xidmətdən imtina etmək üçün komandirlərinə müraciət ediblər.
Qeyd edək ki, İsrail tərəfindən bununla bağlı rəsmi açıqlama verilməyib.
Jalə Rövşən