"İstiqlal marşı" ərəb dilində oxundu, araşdırma başladıldı
Dünya
16.03.2026 17:57
Türkiyənin Karaman vilayətində keçirilən tədbirdə "İstiqlal marşı"nın bir hissəsinin ərəb dilində oxunması ilə bağlı araşdırma başladılıb.
TodayPress TV xəbər verir ki, bu barədə Karaman Vilayətinin "X" sosial şəbəkəsində məlumat verilib.
Bildirilib ki, 12 Mart – "İstiqlal marşı"nın qəbulu və Mehmet Akif Ersoyun anım günü münasibətilə keçirilən proqramda mübahisəli məqamlar qeydə alınıb.
Açıqlamaya görə, tədbirin açılışında "İstiqlal Marşı"nın iki bəndi türk dilində oxunub. Lakin proqramın davamında marşın ilk iki bəndi ərəb dilində, qalan səkkiz bəndi isə yenidən türk dilində səsləndirilib.
Hadisənin görüntülərinin ictimaiyyətə yayılmasından sonra məsələ cəmiyyətdə narazılıq doğurub.
Baş verənlərlə bağlı bütün məqamların araşdırılması üçün proqramı hazırlayan məktəb rəhbərliyi və məsul şəxslər haqqında rəsmi araşdırma başladılıb.
Türkan İsgəndərli
tag: İstiqlal,Marş,Ərəb,Araşdırma,Todaypress.tv,
