İranda su böhranı kəskinləşdi
Dünya
10.11.2025 11:34
İranda su çatışmazlığı kritik həddə çatıb. Ölkənin ikinci böyük şəhəri Məşhəddə bəndlərin doluluq səviyyəsi 3 faizdən aşağı enib.
TodayPress TV xəbər verir ki, bu barədə "Entekhab" agentliyinə Məşhəd Su və Kanalizasiya Şirkətindən açıqlama verilib.
“Məşhəddəki bəndlərdə su səviyyəsi hazırda 3 faizdən aşağıdır. Qış aylarında istehlak az olsa da, mövcud vəziyyət suya qənaətin artıq tövsiyə deyil, zərurət olduğunu göstərir”, - deyə şirkətin baş direktoru bildirib.
Qeyd edək ki, digər böyük şəhər Kərəcdə də vəziyyət ağırdır. Şəhərin əsas bəndində suyun doluluq səviyyəsi 8 faizə enib. Bəndin müdiri vurğulayıb ki, buradakı suyun böyük hissəsi ölü həcmdən ibarətdir və istifadəyə yararsızdır.
Xatırladaq ki, İran Prezidenti Məsud Pezeşkian noyabrın 7-dəki çıxışında Tehrandakı su böhranına toxunaraq xəbərdarlıq edib:
“Əgər yağış yağmasa, gələn aydan Tehranda su məhdudiyyətlərinə keçməli olacağıq. Yağış davam etməzsə, suyumuz tükənəcək və şəhəri boşaltmağa məcbur qalacağıq”.
Aysel Mətləb
tag: İran,Su,Böhran,Məşhəd,Todaypress.tv,
