Ermənistan yeni saziş imzalayacaq

Dünya

19.03.2026 11:41

Ermənistan hökuməti Avrasiya İqtisadi Birliyi (AİB) çərçivəsində elektron ticarət qaydalarına dair sazişin imzalanmasını təsdiqləyib. 

TodayPress TV "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, müvafiq qərar bu gün keçirilən hökumət iclasında qəbul olunub.

Sazişə əsasən, Avrasiya İqtisadi Komissiyası (AİK) elektron ticarət operatorları üçün vahid tələblər hazırlayacaq. Bu tələblər çərçivəsində malların satışı üzrə müqavilələrin (açıq təklif forması) modeli və onların dərc olunma qaydası müəyyən ediləcək.

Bundan əlavə, AİK elektron platforma operatorları və satıcılar tərəfindən istehlakçılara təqdim olunmalı məhsul məlumatlarının siyahısını təsdiqləyəcək. Sazişdə həmçinin satıcı ilə alıcı arasında yarana biləcək mübahisələrin həlli prosedurları, eləcə də malların geri qaytarılması və vəsaitin geri ödənilməsi şərtləri əksini tapır.

Qaydalara görə, istehlakçılar məhsulu aldıqları tarixdən etibarən 14 təqvim günü ərzində keyfiyyətli maldan imtina etmək hüququna malik olacaqlar. Eyni zamanda, AİB-ə üzv ölkələr öz ərazilərində daha uzun müddət də müəyyən edə bilərlər.

Sənəddə həmçinin elektron ticarət vasitəsilə satışı qadağan olunan malların, o cümlədən dərman vasitələrinin siyahısının hazırlanması da nəzərdə tutulur.

Jalə Rövşən 

TodayPress TV

tag: Ermənistan , Avrasiya İqtisadi Birliyi , Elektron ticarət qaydaları,Sənəd,Todaypress.tv,