Almaniyada ictimai nəqliyyat işçiləri tətil keçirir

Dünya

02.02.2026 11:26

Almaniyada keçirilən tətil səbəbindən ölkənin Aşağı Saksoniya əyaləti istisna olmaqla, bütün federal torpaqlarda avtobusların, tramvayların və metro qatarlarının hərəkəti dayandırılıb.

TodayPress TV xəbər verir ki, bu barədə “DW” nəşri məlumat yayıb.

Bildirilib ki, Aşağı Saksoniyada yerli nəqliyyatın fəaliyyəti davam edir. Buna səbəb həmin əyalətdə təxminən 5 min nəqliyyat işçisinin mövcud tarif sazişi qüvvədə olduğu müddətdə tətil keçirməmək öhdəliyinə riayət etməsidir.

Qeyd olunub ki, yaranmış vəziyyət evdən işləmək imkanı olmayan müəssisə əməkdaşları, eləcə də məktəbə getmək məcburiyyətində olan şagirdlərin valideynləri üçün ciddi çətinliklər yaradıb. Dərslərə davamiyyət nəqliyyatın fəaliyyətindən asılı olmayaraq məcburi sayılıb. 

Vəziyyəti daha da ağırlaşdıran amillərdən biri isə hava şəraitidir. Almaniya Meteorologiya Xidmətinin açıqlamasına əsasən, ölkənin bir sıra bölgələrində buzlu yağış və yolların sürüşkən olması gözlənilir.

Məlumata görə, tətil regional qatarların hərəkətinə təsir etməyib. “Deutsche Bahn” şirkətinin açıqlamasında bildirilib ki, “Ver.di” həmkarlar ittifaqı Berlin, Hamburq, Münhen, Ştutqart, Köln, Nürnberq və Reyn-Mayın bölgəsindəki tramvay müəssisələrinin, eləcə də regional və uzaqməsafəli qatar operatorlarının maraqlarını təmsil etmədiyi üçün həmin nəqliyyat vasitələrinin fəaliyyəti dayandırılmayıb.

Qeyd edək ki, “Ver.di” həmkarlar ittifaqı Almaniyanın bütün federal torpaqlarında kommunal müəssisələri təmsil edən işəgötürən birlikləri ilə tarif danışıqları aparır. İttifaq iş vaxtının istirahət günlərində azaldılmasını, daha qısa növbələrin və daha uzun fasilələrin tətbiqini, eləcə də gecə və həftəsonu işlərinə görə ödəniş əlavələrinin artırılmasını tələb edir.

Aysel Mətləb

TodayPress TV

tag: Almaniya,Aşağı Saksoniya,Tətil,Nəqliyyat,Todaypress.tv,