Aİ qanunsuz miqrantları Ermənistanda yerləşdirəcək? - "Bizim xəbərimiz yoxdur"
Ermənistan Xarici İşlər Nazirliyi ölkədə Avropa İttifaqından deportasiya olunan qanunsuz miqrantlar üçün saxlama mərkəzinin yaradılması ilə bağlı yayılan xəbərləri təkzib edib.
TodayPress TV xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan "Armenpress" dövlət xəbər agentliyinin sorğusuna cavabında bildirib.
Onun sözlərinə görə, belə bir məsələ Yerevanla müzakirə olunmayıb və Ermənistan tərəfinə bununla bağlı heç bir rəsmi təklif təqdim edilməyib.
"Bizə belə bir təklif daxil olmayıb. Bu məsələ bizimlə müzakirə edilməyib", – deyə Ani Badalyan vurğulayıb.
Qeyd edək ki, avqustun 3-də "Euronews" telekanalı Avropa İttifaqının Ermənistan da daxil olmaqla bir sıra ölkələrdə qanunsuz miqrantlar üçün saxlama mərkəzlərinin yaradılması təklifini avqustun 4-də keçiriləcək Aİ Şurasının iclasında müzakirə edəcəyini bildirmişdi. Ermənistan Xarici İşlər Nazirliyi isə bu məlumatın ölkə ilə razılaşdırılmadığını açıqlayıb.
Jalə Rövşən