Aİ bəzi süni intellekt qanunlarının icrasını dayandırmaq niyyətindədir
Dünya
07.11.2025 10:59
Avropa İttifaqı (Aİ) ABŞ və iri texnologiya şirkətlərinin təzyiqi fonunda süni intellekt (AI) sahəsindəki qanunların bir hissəsini yumşaltmağı planlaşdırır.
TodayPress TV xəbər verir ki, bu barədə "Financial Times" qəzeti məlumat yayıb.
Aİ noyabrın 19-da “sadələşdirmə paketi” adlı yeni təşəbbüsünü təqdim edəcək. Sənədə əsasən, 2024-cü ildə qüvvəyə minmiş AI tənzimləmə qanunu da daxil olmaqla, bir sıra rəqəmsal qaydaların icrası müvəqqəti olaraq yumşaldılacaq.
Məlumata görə, layihə AI qaydalarını pozan şirkətlərə yeni tələblərə uyğunlaşmaq üçün bir illik “keçid dövrü” təqdim etməyi nəzərdə tutur.
Bildirilib ki, sənəd üzərində danışıqlar hələ də İttifaq daxilində və Aİ ölkələri arasında davam edir, buna görə də noyabrın 19-dək layihədə dəyişikliklər mümkündür.
Xatırladaq ki, 2024-cü ilin martında Avropa İttifaqı süni intellekt texnologiyalarının tətbiqi ilə bağlı qanunu təsdiqləmişdi. Yeni qaydalara əsasən, “yüksək riskli” AI sistemləri yaradan şirkətlər, modellərin necə yaradıldığı və istifadə olunduğu barədə daha şəffaf məlumat təqdim etməlidirlər.
Aysel Mətləb
tag: Aİ,ABŞ,AI,Süni intellekt,Todaypress.tv,
