ABŞ-də mövsümdənkənar istilər təhlükə yaradır

Dünya

20.03.2026 19:00

ABŞ-də Sakit okean sahillərindən Rokki dağlarına qədər uzanan geniş ərazilərdə milyonlarla insan bu həftə qeyri-adi isti hava ilə üzləşib.

TodayPresss TV xəbər verir ki, bu barədə "World Weather Attribution" təşkilatı araşdırma edib.

Temperaturun mövsüm normasından təxminən 17 dərəcə yüksək olması bəzi bölgələrdə təhlükəli həddə çatıb.

Məlumata görə, iqlim böhranı – əsasən qazıntı yanacaqlarının yandırılması nəticəsində yaranan qlobal istiləşmə son on ildə belə istilik dalğalarının baş vermə ehtimalını dörd dəfə artırıb. Araşdırmaya əsasən, qlobal istiləşmə olmasaydı, hazırkı istilik dalğası daha zəif olar və temperatur təxminən 0,8°C aşağı olardı.

London İmperial Kollecinin iqlim elmləri professoru Friderike Otto bildirib ki, nəticələr iqlim dəyişikliyinin hava şəraitini sənayeləşmədən əvvəlki dövrlə müqayisədə daha ekstremal etdiyini açıq şəkildə göstərir.

Alimlər 18–22 mart tarixlərini əhatə edən proqnozları təhlil edərək qlobal istiləşmənin temperatur göstəricilərinə təsirini qiymətləndiriblər. Hava məlumatları ilə yanaşı, iqlim modellərindən də istifadə olunub.

Proqnozlara görə, yaxın günlərdə istilər daha da güclənəcək. Xüsusilə ABŞ-ın cənub-qərb bölgələrində temperatur artacaq, isti hava dalğası isə düzənliklərə və cənuba doğru yayılacaq. Həftənin sonuna qədər 100-ə yaxın şəhərdə mart ayı üzrə temperatur rekordlarının qırılması ehtimal olunur.

Mütəxəssislər bildirirlər ki, ABŞ-də ekstremal hava hadisələri arasında ən çox ölümə səbəb olan məhz isti hava şəraitidir. Meteoroloqlar risk qrupuna daxil olan insanlara bol maye qəbul etməyi və mümkün qədər evdə qalmağı tövsiyə edirlər.

Türkan İsgəndərli

TodayPresss TV

tag: ABŞ,İsti,İqlim,Təhlükə,Todaypress.tv,