Uşaqlar üçün zərərli yazılar olan geyim və oyuncaqlara məhdudiyyət qoyula bilər
Cəmiyyət
18.12.2025 11:45
"Gələcəkdə geyimlər, oyuncaqlar və digər əşyalar haqqında qanunvericilik aktlarına dəyişikliklər edilə bilər".
TodayPress TV xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin şöbə müdirinin müavini Seymur Məmmədli Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunan “Uşaqların zərərli informasiyadan qorunması” mövzusunda keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, AQUPDK tərəfindən “Zərərli informasiya haqqında” qanuna və onunla bağlı digər qanunvericilik aktlarına dəyişikliklər üzərində iş aparılır. Ancaq mövcud qanunvericilikdə uşaqlara aid mallar, əşyalar, oyuncaqlar və ya geyimlərlə bağlı heç bir tənzimləmə yoxdur:
"Qanun yalnız informasiya sahəsini əhatə edir. Yəni internetdə, televiziyada və ümumilikdə ictimai məkanda uşaqlarla bağlı yayılan məlumatları tənzimləyir.
Məhz bu səbəbdən hazırda beynəlxalq təcrübə araşdırılır. Məqsəd ondan ibarətdir ki, gələcəkdə uşaqlara yönəlmiş oyuncaqların, əşyaların və geyimlərin də müəyyən normalar əsasında tənzimlənməsi mümkün olsun. Çünki gündəlik həyatda, xüsusilə şəhər mühitində elə geyim və məhsullara rast gəlinir ki, üzərində cinayətkar aləmi və ya zərərli davranışları təbliğ edən yazılar yer alır. Bu isə uşaqlar üçün ciddi risk yaradır".
Seymur Məmmədli əlavə edib ki, bu cür halların qarşısını almaq üçün qanunvericiliyə müvafiq dəyişikliklər hazırlanır. Hazırda bu layihə aidiyyəti dövlət qurumları ilə razılaşdırma mərhələsindədir:
"Dəyişikliklər təsdiqləndikdən sonra bunun uşaq hüquqlarının qorunması sahəsində mühüm və müsbət bir addım olacağına inanırıq.
Bu istiqamətdə ən yaxşı nümunələrdən biri Rusiya təcrübəsidir. Orada uşaqlara aid oyuncaqların, geyimlərin və digər məhsulların məzmunu qanunla tənzimlənir və bu sahədə sistemli yanaşma mövcuddur. Biz də həmin təcrübəni nəzərə alaraq, oxşar mexanizmlərin Azərbaycanda tətbiq olunmasına çalışır və bu məqsədlə müvafiq razılaşdırma proseslərini həyata keçiririk".
Türkan İsgəndərli
tag: Ailə,Qadın,Uşaq,Komitə,Todaypress.tv,
