TƏCİLİ! Bu məhsulların qiyməti bahalaşacaq

Cəmiyyət

06.02.2026 16:53

“Bu il ərzaq məhsullarının qiymətlərində artım gözlənilir və bu, həm dünya bazarındakı, həm də Azərbaycanda ixrac-idxal münasibətlərindən, idxaldan asılı məhsulların qiymətindən və logistika xərclərindən asılıdır”.

Bu fikirləri TodayPress TV-yə açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib.


O bildirib ki, idxaldan asılı olan əsas ərzaq məhsullarında qiymət artımı riski daha yüksəkdir:

"Buna səbəb beynəlxalq bazarlarda xammal və daşınma xərclərinin oynaq olmasıdır və bu hallar Azərbaycana gətirilən məhsulların qiymətinə birbaşa təsir edir. Un və un məmulatları, bitki yağları, şəkər, düyü və digər strateji qida məhsullarında bahalaşma ehtimalı yüksək hesab olunur. Bu məhsullar xaricdən daha çox gətirildiyi üçün idxal xərclərinin artması daxili bazarda qiymət artımına təzyiq göstərə bilər".

İqtisadçı əlavə edib ki, logistika və yanacaq xərclərinin yüksəlməsi də ərzaq məhsullarının qiymətinə təsir edə bilər:

"Enerji daşıyıcıları və yanacaq qiymətlərindəki dəyişikliklər daşınma xərclərini artıraraq nəticədə bütün ərzaq qrupunda bahalaşmaya səbəb ola bilər. Daxildə istehsal səviyyəsi yüksək olan məhsullarda isə qiymət artımı daha ölçülü ola bilər. Məsələn, Azərbaycanda meyvə-tərəvəz və bəzi kənd təsərrüfatı məhsullarının özünütəminetmə səviyyəsi yüksəkdir, bu isə onların qiymətinin idxal məhsullarına nisbətən daha dayanıqlı qalmasına imkan yaradır".

Ekspert sonda vurğulayıb ki, bunlara baxmayaraq ümumilikdə idxal inflyasiyası və daxili logistika xərcləri (yanacaq bahadır) nəzərə alınaraq, bu ildə ərzaq məhsullarının qiymətlərində artım tendensiyası gözlənilir və artım strateji xammal məhsullarında daha qabarıq ola bilər.

Türkan İsgəndərli

TodayPress TV

tag: Akif Nəsirli,Ekspert,Məhsul,Bahalaşma,Todaypress.tv,