Azərbaycanın üç müxalifət lideri niyə eyni anda kürd kartı açır?

Azərbaycanın üç müxalifət lideri niyə eyni anda kürd kartı açır?
16.07.2026 18:14 Cəmiyyət

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun kürd xalqı ilə bağlı səsləndirdiyi fikirlərdən sonra siyasi gündəmdə etnik mövzu ətrafında müzakirələr daha da genişlənib. Ardınca Müsavat funksioneri Arif Hacılının və "Ümid" Partiyasının sədri İqbal Ağazadənin bu istiqamətdə açıqlamaları cəmiyyətdə müxtəlif reaksiyalara səbəb olub.

TodayPress TV xəbər verir ki, jurnalist Samir Feyruzov mövzu ilə bağlı son günlər müxtəlif müxalifət nümayəndələrinin etnik məsələləri ardıcıl şəkildə gündəmə gətirməsini təsadüfi hesab etmədiyini bildirib.

Onun sözlərinə görə, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu "YouTube" kanallarından birinə verdiyi müsahibədə kürd xalqının tarixi, milli kimliyi və Azərbaycandakı varlığı barədə kəskin ifadələr işlədib:

"Adında "demokratiya" sözünün olduğu bir partiya sədrinin kürd xalqı ilə bağlı aşağılayıcı bənzətmələr aparması və etnik sabitliyin pozulmasına yönələn fikirlər səsləndirməsi indiki situasiyada ciddi suallar doğurur. Sərdar Cəlaloğlu kifayət qədər mütaliəli və təcrübəli siyasətçidir. Məgər o, bir xalq haqqında bu cür kəskin fikirlər səsləndirdikdən sonra ciddi narazılıqla qarşılaşacağını bilmirdi? Təbii ki, bilirdi. O zaman buna nə zərurət var idi? Düzdür, sonradan müəyyən mənada geri addım ataraq üzr istədi".

Samir Feyruzov qeyd edib ki, bunun ardınca Müsavat funksioneri Arif Hacılının da kürdlərlə bağlı səsləndirdiyi fikirlər müzakirələrə səbəb olub:

"Arif Hacılının deputatların guya 20 faizdən çoxunun kürd əsilli olması ilə bağlı səsləndirdiyi fikir kifayət qədər ciddi iddiadır. Əgər bu belədirsə, vaxtilə ölkənin ən böyük siyasi partiyası hesab olunan Müsavat rəhbərliyində təmsil olunan bir şəxsin partiyanın prinsipləri ilə ziddiyyət təşkil edən belə bir açıqlama verməsi suallar doğurur. Arif Hacılının etnik mənsubiyyəti barədə açıq və təsdiqlənmiş məlumat yoxdur, belə bir vəziyyətdə hər hansı etnik qrup barədə bölücülük kimi qiymətləndirilə biləcək fikirlərin səsləndirilməsi doğru deyil".

O, daha sonra "Ümid" Partiyasının sədri İqbal Ağazadənin sosial şəbəkədə Azərbaycanın etnik tərkibi ilə bağlı 2019-cu il əhalinin siyahıyaalınmasının nəticələrinə əsaslanan statistik məlumat paylaşmasına diqqət çəkib.

Jurnalist hesab edir ki, bütün bu çıxışların eyni dövrə təsadüf etməsi diqqətdən yayınmamalıdır.

"Şəxsən mən bu çıxışların məhz indiki mərhələdə təsadüfən baş verdiyini düşünmürəm. Müxalif siyasi düşərgəni təmsil etdiklərini iddia edən şəxslərin ard-arda etnik məsələləri gündəmə gətirməsi və bunu cəmiyyətdə həssas reaksiyalar doğuran formada ictimailəşdirmələri düşündürücüdür".

O vurğulayıb ki, Azərbaycan uzun illərdir müxtəlif xalqların və etnik qrupların dinc, qarşılıqlı hörmət şəraitində yaşadığı ölkə kimi tanınır.

"Bu, mübahisə doğurmayan faktdır. Məhz buna görə də adıçəkilən partiya rəhbərlərinin qısa müddət ərzində eyni həssas mövzu ətrafında oxşar ritorikaya müraciət etmələri diqqətçəkən məqamdır".

Türkan İsgəndərli

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər