Robot insanları döydü - Bəşəriyyət qapaz altında
Texnologiyanın sürətli inkişafı insanlığı heyran qoymağa davam edərkən, riskləri də qorxu yaradır.
TodayPress TV xəbər verir ki, İndoneziyanın paytaxtı Cakartada keçirilən texnologiya sərgilərindən birində nümayiş etdirilən humanoid (insanbənzər) robot idarəetmədən çıxaraq ətrafdakı insanlara təpiklərlə hücum edib.
Hadisə şahidlərin kameralarına anbaan əks olunub. Görüntülərdə robotun gözlənilmədən aqressiv hərəkətlər etdiyi, ona yaxınlaşan ziyarətçilərə və texniki heyətə ard-arda təpiklər atdığı aydın görünür. Mühafizəçilərin və mühəndislərin müdaxiləsi ilə robot çətinliklə də olsa söndürülüb. Hadisə zamanı bir neçə nəfərin yüngül xəsarətlər aldığı bildirilir.
Bu hadisə sadəcə texniki bir nasazlıq kimi görünsə də, əslində bəşəriyyətin uzun müddətdir müzakirə etdiyi "Robotlar gələcəkdə insanlıq üçün təhlükəyə çevriləcəkmi?" sualını yenidən gündəmə gətirir. İndoneziyadakı insident gələcək üçün bir neçə mühüm siqnal verir.
Birincisi, fiziki təhlükə artıq real formadadır. İndiyə qədər süni intellektin təhlükələri dedikdə daha çox kiberhücumlar və iş yerlərinin itirilməsi nəzərdə tutulurdu. Lakin bu hadisə göstərir ki, metal və güclü mühərriklərdən ibarət humanoidlər proqram xətası yaşadıqda birbaşa fiziki təhdidə çevrilirlər.
İkincisi, mütləq nəzarət mümkünsüzdür. Ən mükəmməl kodlaşdırmada belə xətaların və ya sistem donmalarının qaçılmaz olduğu bir daha sübut olundu.
Ekspertlər bildirirlər ki, bu hadisə süni intellekt və robototexnika sahəsində təhlükəsizlik protokollarının hələ də yetərsiz olduğunun bariz göstəricisidir. Əgər bu gün bir robot sadəcə proqram səhvi ucbatından insana fiziki güc tətbiq edirsə, gələcəkdə daha mürəkkəb qərarlar qəbul edən sistemlərin necə davranacağını təsəvvür etmək çətin olacaq.
Sosial şəbəkələrdə isə istifadəçilər iki cəbhəyə bölünüb. Bir qisim bunun sadə bir mexaniki nasazlıq olduğunu və şişirdilməməli olduğunu müdafiə etsə də, əksəriyyət bu hadisəni gələcəkdə yaşanacaq robot üsyanlarının kiçik bir anonsu kimi qiymətləndirir.
Şirkət rəsmiləri hadisə ilə bağlı araşdırma başladığını və robotun proqram təminatının laboratoriya şəraitində tamamilə sökülərək yoxlanılacağını bəyan ediblər.
Türkan İsgəndərli