Qurbağalar paytaxtı bürüdü - Qismətiniz "Çin" olsun
Bakıda və Sumqayıtda qurbağaların çoxalması insanlarda narahatlıq yaradıb. Sosial şəbəkələrdə yayılan görüntülərdən birində isə gecə vaxtı qurbağaların kütləvi şəkildə magistral yola çıxdığı əks olunub. Sakinlərdə bunun ekoloji problemlə əlaqəli olması barədə suallar yaranıb.
Mövzu ilə bağlı ekoloq Sadiq Həsənov TodayPress TV-yə bildirib ki, müşahidə olunan vəziyyət tamamilə təbii prosesdir. Onun sözlərinə görə, qurbağalar su hövzələrini sevən canlılardır. Güclü yağışlardan sonra gölməçə və digər su mənbələrinin ətrafından çıxaraq hərəkət edirlər.

Ekoloq qeyd edib ki, xüsusilə gecə saatlarında yolların sakit olması və yağış sularının toplanması qurbağaların hərəkətini asanlaşdırır. Onlar yollarda yaranan suyu öz təbii mühiti kimi qəbul etdikləri üçün kütləvi şəkildə görünə bilirlər.
Sadiq Həsənov vurğulayıb ki, bu hal nə ekoloji fəlakətin, nə də qeyri-adi təbiət hadisəsinin əlamətidir. Onun sözlərinə görə, qurbağaların yağışdan sonra bu cür aktivləşməsi təbiətdə uzun illərdir müşahidə olunan adi bir prosesdir və narahatlığa əsas vermir.
Xanım Musayeva