Psixoloq: “Keçmişimizin acısını övladlarımızdan çıxırıqsa, valideyn kimi yetişməmişik”

Cəmiyyət

24.11.2025 18:20

"Düşüncə baxımından yetişməmiş insanların valideyn olması həm özləri, həm də övladları üçün ağır nəticələr doğurur".

Psixoloq Nabat Mirzəyeva bunu TodayPress TV-yə açıqlamasında bildirib.

Onun sözlərinə görə, yetkinlik səviyyəsi formalaşmamış, emosional travmalarını həll etməmiş şəxslər valideyn olanda həmin problemləri övladlarına ötürürlər:

"Biz valideyn olaraq düşüncə baxımından yetişmədiyimiz zaman valideyn olmağımız doğru deyil. Keçmişdə yaşadıqlarımızı övladımıza ötürürüksə, həyatımızda baş verən problemlərin səbəbini uşaqda axtarırıqsa, bu o deməkdir ki, valideyn olaraq yetişməmişik".

Psixoloqun fikrincə, dünyada analıq və atalıq məsuliyyəti çox vaxt yetərincə qiymətləndirilmir. O hesab edir ki, hamiləlikdən əvvəl psixoloji qiymətləndirmə testi olsaydı, bu, bir çox neqativ halların qarşısını ala bilərdi:

"Ana olmaq hər qadının, ata olmaq isə hər kişinin haqqı deyil. Valideyn olmaq yeni bir fərdin həyat başlanğıcını müəyyənləşdirir. Bəzi analar yaşadıqları çətinlikləri fərqində olmadan övladlarına ötürür, sanki keçmişlərinin acısını çıxırlar. Bu, içimizdə gizlənən və idarə olunmayan "mən" hissidir".

Mütəxəssis əlavə edib ki, bir çox valideyn öz uşaqlıq təcrübələrini təkrarlayaraq övladına sərt qadağalar qoyur, bəzən isə səbəbsiz şiddət göstərir:

“Valideyn düşünür ki, "mənə icazə vermirdilər, mən də verməyəcəyəm". Bu zaman emosional və ya fiziki şiddət başlayır. Bəzən ana xoşbəxt olmadığı üçün yaşadıqlarının intiqamını övladından alır. Bu isə sağlam psixologiyanın olmamasına işarədir. Sağlam psixologiyaya sahib valideyn övladını tənbeh edə bilər, lakin bu heç vaxt şiddətə çevrilməməlidir. Biz övladımıza sevgi, dəyər və diqqət göstərməliyik. Fikrimizi söyləmək, tənbeh etmək normaldır, amma fiziki şiddət uşaqlarda ağır psixoloji travmalar yaradır. Şiddət alan uşaq gələcəkdə eyni davranışı öz övladına və ya ətrafına göstərə bilər".

Nabat Mirzəyeva xəbərdarlıq edib ki, valideynlərin şiddəti nəsillər boyunca təkrarlanan zəncirə çevrilə bilər:

"Ana övladına nə yaşadırsa, uşaq da gələcəkdə onu təkrarlaya bilər. Aqressiya heyvanlara və insanlara yönələ bilər, uşaqda inamsızlıq və sosial çətinliklər yarana bilər. Valideynlər unutmamalıdır ki, yaşatdıqları şiddət övladları tərəfindən həyata ötürüləcək".

Türkan İsgəndərli

TodayPress TV

tag: Nabat Mirzəyeva,Psixoloq,Valideyn,Övlad,Todaypress.tv,