Maaş və pensiya arasındakı fərq - Təqaüdə çıxmaqdansa, işləməyə üstünlük verirlər

Maaş və pensiya arasındakı fərq - Təqaüdə çıxmaqdansa, işləməyə üstünlük verirlər
01.07.2026 16:55 Cəmiyyət

Azərbaycanda qadınların pensiya yaşının mərhələli şəkildə artırılması cəmiyyətdə müzakirə olunan mövzulardan biridir. Bəziləri hesab edir ki, pensiya yaşının hər altı aydan bir artırılması dövlət büdcəsinə qənaət etmək məqsədi daşıyır.

İqtisadçı Natiq Cəfərli isə bu yanaşmanın doğru olmadığını düşünür.


Mövzu ilə bağlı TodayPress TV-yə danışan iqtisadçı bildirib ki, pensiya yaşının artırılmasını yalnız büdcəyə qənaət prizmasından qiymətləndirmək düzgün deyil:

"Qadınların pensiya yaşının artırılmasını bu kateqoriya ilə hesablamaq doğru deyil. Burada söhbət cəmi altı aylıq müddətdən gedir. Bunun büdcəyə ciddi təsiri olacağını düşünmürəm. Altı aylıq gecikmənin dövlət maliyyəsinə əhəmiyyətli təsir göstərməsi mümkün deyil".

Onun sözlərinə görə, əsas problem pensiya sistemindən daha çox ölkədəki demoqrafik vəziyyət və əmək bazarında yaşanan çətinliklərlə bağlıdır:

"Azərbaycanda demoqrafik vəziyyət getdikcə yaxşılaşmır, əksinə pisləşir. Doğulan uşaqların sayı azalır, ölkədən miqrasiya var. Nəticədə gələcəkdə əmək bazarına daxil olacaq insanların sayı da azalır. Bununla yanaşı, iş yerləri ilə bağlı problemlər də mövcuddur. Pensiya yaşının artırılması qərarının əsas səbəblərindən biri də məhz bu amillərdir".

Ekspert bildirib ki, pensiya yaşının artırılması ilə bağlı cəmiyyətdə ciddi narazılığın müşahidə olunmamasının da öz səbəbləri var:

"Pensiya yaşının artırılmasına ciddi etiraz yoxdur. Çünki xüsusilə büdcə təşkilatlarında çalışan insanların əməkhaqqı aldıqları pensiyadan bir neçə dəfə yüksəkdir. Məsələn, müəllim kimi çalışan bir qadının orta aylıq maaşı 800-1000 manatdır. Təqaüdə çıxacağı halda isə təxminən 400 manat pensiya alacaq. Buna görə də həmin insanlar pensiyaya çıxmaqdan daha çox işləməyə üstünlük verirlər".

İqtisadçı hesab edir ki, pensiya sistemi ilə bağlı əsas müzakirə mövzusu yaş həddinin artırılması deyil, pensiya məbləğlərinin insanların normal yaşayışını təmin edəcək səviyyəyə çatdırılması olmalıdır.

"Əsas problem pensiya yaşının altı ay artırılması deyil. Əsas məsələ pensiyaların aşağı olması və demoqrafik vəziyyətin getdikcə pisləşməsidir. Bu problemlər həll olunmadan pensiya sistemində uzunmüddətli sabitliyi təmin etmək çətin olacaq", - deyə Natiq Cəfərli fikrini tamamlayıb.

Qeyd edək ki, 2026-cı il iyulun 1-dən etibarən tətbiq edilən dəyişikliklə qadınların yaş həddi 6 ay artırılaraq kişilərin pensiya yaşı, yəni 65 yaşla bərabərləşdirilib.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
01 IYUL 2026
Bütün Xəbərlər