Kriminalist: “Azərbaycanda cinayətkarlığın səbəblərini araşdıran institutlar yoxdur”
Cəmiyyət
03.02.2026 12:21
"2025-ci il ərzində ümumilikdə 35 852 cinayət faktı qeydə alınıb, prokurorluq orqanları ilə birlikdə 31 mindən artıq cinayət rəsmiləşdirilib".
Kriminalist Şəmsəddin Əliyev bunu TodayPress TV-yə açıqlamasında deyib.

"2024-cü illə müqayisədə ümumi cinayətlərin sayında azalma tendensiyası müşahidə olunur ki, bu da müsbət göstərici kimi qiymətləndirilir. Bu nəticə polis və istintaq orqanlarının ictimai asayişin və vətəndaşların hüquqlarının qorunması istiqamətində apardığı ardıcıl və peşəkar fəaliyyətin nəticəsi kimi təqdim olunur.
Statistik müqayisələrə görə, Azərbaycan hər 100 min nəfərə düşən cinayətlərin sayına görə Avropa ölkələri ilə müqayisədə xeyli aşağı göstəriciyə malikdir. Azərbaycanda bu rəqəm təxminən 300-310, Avropa ölkələrində isə 4000-6000 arasında dəyişir".
O, əlavə edib ki, qeydə alınan cinayətlərin 93-94 faizi açılıb. Bu göstərici sovet dövrü ilə müqayisədə (65-67%) əhəmiyyətli dərəcədə yüksəkdir:
"Xüsusilə şəxsiyyət əleyhinə cinayətlərin açılma faizi 98,9% təşkil edib. İl ərzində 1000-dən çox ağır və xüsusilə ağır cinayət törətmiş şəxs saxlanılıb, 200-dən artıq kriminal qrup zərərsizləşdirilib. Qrup halında törədilən cinayətlər - 8,9%, odlu silahdan istifadə edilən cinayətlər - 44,1%, ailə münaqişələri zəminində cinayətlər - 3,1%, əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilən cinayətlər - 17%, ağır və xüsusilə ağır cinayətlər - 8,6%, qeyri-aşkar şəraitdə törədilən cinayətlər - 10,5%, qəsdən adam öldürmələr - 8,8%, həyat və sağlamlığa ağır zərərvurmalar - 4,7% azalıb".
Şəmsəddin Əliyev qeyd edib ki, hazırda Azərbaycanda cinayətkarlığın səbəblərini sistemli şəkildə araşdıran milli elmi-tədqiqat institutlarının olmaması problemlər yaradır. Sovet dövründə mövcud olan bu institutların funksiyalarının bərpası üçün AMEA, Ədliyyə Nazirliyi, Baş Prokurorluq və ya DİN Akademiyası çərçivəsində belə strukturların yaradılması məqsədəuyğun hesab edilir.
Türkan İsgəndərli
tag: Şəmsəddin Əliyev,Kriminalist,Azərbaycan,Cinayət,Todaypress.tv,
