Ev almaq istəyənlərin nəzərinə! - Bəzi ərazilərdə ucuzlaşır

Cəmiyyət

06.04.2026 17:49

Bakıda və ətraf qəsəbələrdə intensiv yağışların bir sıra fərdi evləri zərərli vəziyyətə salması daşınmaz əmlak bazarında risk faktorlarının yenidən gündəmə gəlməsinə səbəb olub. Son günlər Bakıda bəzi yaşadıqları yerlərdə kanalizasiya və su drenajı sistemlərinin yetərsiz olması nəticəsində fərdi həyət evlərinin su altında qalması müşahidə olunub. 

Mövzu ilə bağlı TodayPress TV-yə danışan əmlak eksperti Elnur Azadov bildirib ki, Bakıda və ətraf qəsəbələrdəki həyət evlərinin gələcək qiymət dinamikası artıq yalnız klassik bazar amillərindən asılı olmayacaq. 


Onun sözlərinə görə, evlərə yağış suyunun dolması qiymətlərə təsirsiz ötüşməyəcək:

"Daha çox üstünlük veriləcək kanalizasiya xətti yaxşı olan, hündür, su basmayan, bu gün problemlərin yaşanmadığı ərazilərə. O yerlərdə mütləq tələbat artacaq. Digər ərazilərdə tələbatın nə dərəcədə azalacağını demək isə hələ tezdir. Yəqin ki, az-çox bu evlərin alınması və satışına təsirsiz ötüşməyəcək".

Ekspert vurğulayıb ki, qiymət dalğalanması zaman xarakterlidir:

"Müəyyən bir dövrdən sonra insanlar yavaş-yavaş bunu unudur. Misal üçün, Türkiyədə zəlzələ olub. Həmin il ərzində vətəndaşların çoxu həyəcan içində yaşadı, çoxmənzilli binalara tələbat azaldı və qiymətləri nisbətən düşdü, amma fərdi evlərin qiyməti artdı. Bu fikir təxminən bir il ərzində insanlarda qalır, sonradan tədricən yaddan çıxır. İndi də eyni vəziyyət baş verəcək. Yəni bu, zamana bağlıdır".

Elnur Azadov həmçinin tövsiyə edib ki, alıcılar əmlak alarkən aşağı relyefli və su yığılma riski yüksək olan yerlərdən çəkinməli, mövcud infrastruktura – kanalizasiya, yol, drenaj sisteminə diqqət etməli və qiymətləndirmədə risk qiymət endirimlərinin real olub‑olmadığını analiz etməlidirlər.

Türkan İsgəndərli

TodayPress TV

tag: Elnur Azadov,Əmlak eksperti,Bakı,Ev,Todaypress.tv,