Ayxan Sadıqlı: "Audiovizual Şura mediaya səkkiz xəbərdarlıq göndərib"

Cəmiyyət

18.12.2025 12:08

"2025-ci il ərzində Şura tərəfindən aparılan monitorinqlər nəticəsində uşaqların zərərli informasiyadan qorunması ilə bağlı qanunda nəzərdə tutulan tələblərin pozulduğu, lakin inzibati xəta təşkil etməyən hallar aşkar olunub".

TodayPress TV xəbər verir ki, bunu Audiovizual Şuranın Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin baş məsləhətçisi Ayxan Sadıqlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunan “Uşaqların zərərli informasiyadan qorunması” mövzusunda keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, bu hallarla bağlı audiovizual media subyektlərinə rəsmi xəbərdarlıqlar göndərilib:

"Bu xəbərdarlıqların sayı səkkiz olub və onlara zəruri tövsiyələr verilib.

Qeyd etmək lazımdır ki, bu sahədə həm praktiki, həm də nəzəri bir sıra məsələlər mövcuddur. Mövcud çatışmazlıqlardan biri ixtisaslı ekspert və mütəxəssislərin sayının az olmasıdır ki, bu da problemli məqamlardan biridir".

Ayxan Sadıqlı vurğulayıb ki, digər mühüm məsələ qanunvericiliyin informasiya texnologiyalarının inkişafı ilə paralel olaraq davamlı təkmilləşdirilməsinə ehtiyacın olmasıdır. Bəzən yeni tənzimləyici normalara ehtiyac yaranır və bu proses daima davam etdirilməlidir:

"Uşaq hüquqlarının qorunmasında əsas məsələlərdən biri media sahəsində yayılan zərərli informasiyadır. Bu sahədə tənzimləmə mütəmadi aparılmalı, bütün tərəflərin birgə fəaliyyəti və məsuliyyəti təmin edilməlidir".

Türkan İsgəndərli

TodayPress TV

tag: Ailə,Qadın,Uşaq,Komitə,Todaypress.tv,