Səfir: “Ümumbelarus Xalq Məclisi işə başlayır”
Xarici siyasət
17.12.2025 16:43
“Belarusda ilin ən mühüm siyasi hadisələrindən biri – Ümumbelarus Xalq Məclisi sabah Minsk şəhərində öz işinə başlayacaq”.
TodayPress TV xəbər verir ki, bu barədə Belarusun Azərbaycandakı səfiri Dmitri Pineviç 2025-ci ilin yekunlarına dair mətbuat konfransında bildirib.
O qeyd edib ki, tədbirlə bağlı bütün məlumatları internet üzərindən izləmək mümkündür. Səfirin sözlərinə görə, sabah start götürəcək bu tədbir təkcə Belarus üçün deyil, ümumilikdə region üçün mühüm siyasi əhəmiyyət daşıyır:
“Ümumbelarus Xalq Məclisi 1200 nəfəri əhatə edən konstitusion orqandır. Məclisə parlament üzvləri, regionların nümayəndələri, siyasi partiyalar və ictimai təşkilatların təmsilçiləri daxildir. İki gün ərzində Belarus Prezidenti Aleksandr Lukaşenkonun Belarus xalq parlamentinə müraciəti və məruzəsi dinləniləcək”.
Diplomat vurğulayıb ki, gələcəkdə prezidentin müraciətləri yalnız Ümumbelarus Xalq Məclisi formatında həyata keçiriləcək. Tədbir çərçivəsində 2026–2030-cu illəri əhatə edən sosial-iqtisadi inkişaf proqramının da təsdiqlənməsi nəzərdə tutulur.
Belarus səfiri jurnalistlərə müraciət edərək bildirib ki, bu mühüm siyasi hadisənin, xüsusilə də Prezident Aleksandr Lukaşenkonun çıxışının mediada geniş işıqlandırılması arzuolunandır. Onun sözlərinə görə, yaxın günlərdə Minskdən kifayət qədər müsbət və konstruktiv informasiya gündəmləri formalaşacaq.
Səfir əlavə edib ki, Belarus tərəfi media nümayəndələri ilə dördüncü hakimiyyətin prinsiplərinə uyğun olan bütün kommunikasiya formatlarında əməkdaşlığa açıqdır.
Qiymət Mahir
tag: Belarus,Səfir,Konfrans,Çıxış,Todaypress.tv,
