Səfir: “Özbəkistan Mədəniyyət Günləri dostluq əlaqələrinin parlaq nümunəsidir”

Xarici siyasət

14.12.2025 23:15

“Özbəkistan Mədəniyyət Günlərinin açılış mərasimi ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə ehtiram olaraq Heydər Əliyev Mərkəzində təşkil olunub”.

TodayPress TV xəbər verir ki, bunu Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov Azərbaycanda Özbəkistan Mədəniyyət Günlərinin rəsmi açılış mərasimində deyib.

Səfir bildirib ki, keçirilən tədbir yalnız mədəniyyət günlərinin rəsmi açılışı deyil, eyni zamanda Azərbaycan ilə Özbəkistan arasında dostluq, əməkdaşlıq və qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə yönəlmiş mühüm bir addımdır. Onun sözlərinə görə, bu mərasim iki ölkə arasındakı dostluq əlaqələrinin daha bir parlaq nümunəsidir.

Bahrom Aşrafxanov vurğulayıb ki, özbək və Azərbaycan xalqları zəngin mədəni irsə, qədim tarixə və ortaq dəyərlərə malikdir, bu da xalqları bir-birinə daha da yaxınlaşdırır. Səfir qeyd edib ki, mədəni bağlar bir-biri ilə sıx bağlıdır. 

O diqqətə çatdırıb ki, konsert proqramında həm özbək, həm də Azərbaycan musiqiləri səsləndirilib, eyni zamanda Azərbaycan milli rəqsləri ifa olunub və bu çıxışlar tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Səfir qeyd edib ki, mədəniyyət günləri bununla yekunlaşmayacaq:

“Dekabrın 15-də Heydər Əliyev Mərkəzində “Navruz” Rəqs Ansamblının konserti keçiriləcək, növbəti gün isə Filarmoniyada orkestrin çıxışı baş tutacaq. Tədbirlər proqramının dördüncü günü Füzuli şəhərində, Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə yerli sakinlər üçün geniş konsert proqramı təşkil ediləcək. Həmin proqramda rəqs nömrələri, xor ifaları və müxtəlif musiqi çıxışları yer alacaq”.

Sonda Bahrom Aşrafxanov qeyd edib ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, hökuməti və xalqı Azərbaycanla mədəni əlaqələrin inkişafına xüsusi önəm verir və bu münasibətlərin daha yüksək mərhələyə yüksəldilməsində maraqlıdır.

Qiymət Mahir

TodayPress TV

tag: Özbəkistan,Özbəkistan Mədəniyyət Günləri,Bahrom Aşrafxanov,Heydər Əliyev,Todaypress.tv,