Səfir: “KİV-lər arasında informasiya əməkdaşlığı yeni mərhələyə yüksəlib”

Xarici siyasət

17.12.2025 17:23

“Səfir ölkələrimizin kütləvi informasiya vasitələri arasında informasiya əməkdaşlığının səviyyəsinin artdığını müşahidə edirik və bu, jurnalistlərin peşəkar fəaliyyəti ilə birbaşa bağlıdır”.

TodayPress TV xəbər verir ki, bunu Belarusun Azərbaycandakı səfiri Dmitri Pineviç 2025-ci ilin yekunlarına dair mətbuat konfransında deyib.

Diplomat bildirib ki, informasiya gündəmində qarşılıqlı marağın artması məmnunluq doğurur və bu proses peşəkar media fəaliyyəti sayəsində mümkün olur. Səfir jurnalistlərə görülən işə görə təşəkkür edib.

Yeni il ərəfəsində Azərbaycanı təbrik edən səfir ölkənin regional və qlobal miqyasda artan nüfuzunu xüsusi vurğulayıb. O, Vaşinqtonda keçirilmiş görüşün müsbət nəticələrini qeyd edib, qeyri-neft sektorunun Azərbaycanın ÜDM-də artımını yüksək qiymətləndirib və bu göstəricinin 2029-cu ilədək 70 faizə çatmasının böyük perspektivlər açdığını bildirib.

Səfir eyni zamanda Azərbaycana səfərləri barədə də danışıb. Onun sözlərinə görə, il ərzində Qarabağ bölgəsində yeddi dəfə olub, həmçinin Gəncə, Şahdağ, Qusar, Quba, Xaçmaz, Lənkəran, Şəki, Şamaxı və Qobustan bölgələrini ziyarət edib. Diplomat yaxın vaxtlarda Naxçıvana səfər etməyi planlaşdırdığını da qeyd edib.

D.Pineviç bildirib ki, əsas məqsəd Azərbaycanın hər bir regionunda ikitərəfli sənaye, tarixi və mədəni layihələrin həyata keçirilməsidir. Bu yanaşma gələcək nəsillər üçün strateji və qardaş münasibətlərin davamlılığını təmin edəcək.

Səfir görüş zamanı Belarusun Milli Atlasının 20 ildən sonra yenilənmiş versiyasını da təqdim edib. O qeyd edib ki, bu fundamental elmi-kartoqrafik nəşr 20 bölməni və 700-dən çox xəritəni əhatə edir və Belarus dövlətinin vizit kartı hesab olunur.

Qiymət Mahir

TodayPress TV

tag: Dmitri Pineviç,Belarus,Səfir,Konfrans,Todaypress.tv,