Sahibə Qafarova və Simonyan arasında görüş keçirildi - YENİLƏNDİ

Xarici siyasət

17.04.2026 15:37

Bu gün İstanbulda Parlamentlərarası İttifaqın (PAİ) 152-ci Assambleyası çərçivəsində Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri arasında ikitərəfli görüş keçirilib.

Bu barədə TodayPress TV-yə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.

Görüş zamanı iki ölkə arasında münasibətlərin normallaşması çərçivəsində sülh və sabitliyin gücləndirilməsi, eləcə də ticarət əlaqələrinin qurulması və genişləndirilməsi ilə bağlı son proseslər məmnunluqla qeyd edilib.

Söhbətdə PAİ Assambleyasının parlamentlərarası əməkdaşlıq üçün mühüm platforma kimi rolu vurğulanaraq, bu baxımdan qurumun Baş katibi Martin Çunqonqun Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri arasında dialoqun qurulmasında göstərdiyi səylər yüksək qiymətləndirilib, ona təşəkkür ifadə edilib.

Spikerlər 2025-ci ilin oktyabrında Cenevrədə baş tutmuş görüşdən sonra parlament nümayəndə heyətləri arasında beynəlxalq təşkilatlar çərçivəsində təmasları müsbət dəyərləndirib və bu təmasların davam etdirilməsi barədə razılığa gəliblər.

Görüşdə spikerlər iki cəmiyyət arasında etimadın daha da möhkəmləndirilməsi üçün konstruktiv parlament dialoqunun davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar.

TodayPress TV

***

14:18

Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri iki ölkə arasında münasibətlərin normallaşması prosesini müzakirə edib.

TodayPress TV xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan “X” hesabında bildirib.

O, Parlamentlərarası İttifaqının (PAİ) 152-ci Assambleyası çərçivəsində İstanbulda Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşdüyünü və ölkələr arasında münasibətlərin normallaşması istiqamətində son irəliləyişləri, o cümlədən sülhün və sabitliyin möhkəmləndirilməsi, həmçinin ticarət əlaqələrinin genişləndirilməsi səylərinin məmnuniyyətlə qeyd edildiyini diqqətə çatdırıb.

“Parlamentlərarası İttifaqının parlamentlərarası əməkdaşlıq üçün mühüm platforma rolunu vurğuladıq və Baş katib Martin Chungongun dialoqun təşviqində göstərdiyi səyləri yüksək qiymətləndirdik. Həmçinin 2025-ci ilin oktyabrında Cenevrə şəhərində keçirilən görüşümüzdən sonra parlament nümayəndə heyətləri arasında yenilənmiş əlaqələri alqışladıq və bu əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəldik. Konstruktiv parlament dialoqu cəmiyyətlərimiz arasında etimadın qurulmasında əsas amil olaraq qalır”, - Simonyan qeyd edib.

TodayPress TV

tag: Sahibə Qafarova,Milli Məclis,Alen Simonyan,Görüş,Todaypress.tv,

photo