Ceyhun Bayramov gürcüstanlı həmkarı ilə Cənubi Qafqazın əhəmiyyətini müzakirə etdilər
İstanbulda keçirilmiş Türkiyə, Azərbaycan və Gürcüstan XİN başçılarının 10-cu Üçtərəfli Görüşü çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov gürcüstanlı həmkarı Maka Boçorişvili ilə görüşüb və birgə layihələrin irəlilədilməsinə dair ortaq sadiqliklərini bir daha təsdiq ediblər.
TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) və C. Bayramovun "X" sosial şəbəkə hesablarında məlumat paylaşıb.
"Nazirlər regional sabitliyə, enerji təhlükəsizliyinə və davamlı iqtisadi inkişafa töhfə verən Cənub Qaz Dəhlizi, Orta Dəhliz və digər bağlantı təşəbbüsləri də daxil olmaqla, birgə layihələrin irəlilədilməsinə dair ortaq sadiqliklərini bir daha təsdiq ediblər", - paylaşımda bildirilib və əlavə edilib ki, regional və beynəlxalq proseslər ətrafında fikir mübadiləsi aparılıb, Cənubi Qafqazın Avropa və Asiyanı birləşdirən əsas dəhliz kimi artan strateji əhəmiyyəti qabardılıb.
Həmçinin Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının mövcud vəziyyəti və gələcək perspektivləri nəzərdən keçirilib, sıx siyasi dialoqun, güclü iqtisadi əlaqələrin və enerji, nəqliyyat və regional bağlantı sahələrində uğurlu əməkdaşlığın əhəmiyyəti vurğulanıb.