Belarus səfiri: “Prezidentlərin siyasəti konstruktiv əməkdaşlığa yol açır”

Xarici siyasət

17.12.2025 17:03

“Belarus Prezidenti Aleksandr Lukaşenko və Azərbaycan Prezidenti İlham Əliyevin müdrik və uzaqgörən siyasəti iki ölkə arasında konstruktiv əməkdaşlığın möhkəmlənməsinə mühüm töhfə verir”.

TodayPress TV xəbər verir ki, bunu Belarusun Azərbaycandakı səfiri Dmitri Pineviç 2025-ci ilin yekunlarına dair mətbuat konfransında deyib. 

Onun sözlərinə görə, dövlət başçılarının qarşılıqlı münasibətləri intensiv siyasi dialoqla müşayiət olunur və bu çərçivədə 12 ikitərəfli səfər, eləcə də beynəlxalq platformalarda çoxsaylı görüşlər həyata keçirilib.

Diplomat qeyd edib ki, ötən il Belarusun Baş naziri Aleksandr Turçinin, eyni zamanda Parlamentin Respublika Şurasının sədri Natalya Koçanovanın və onun müavininin Azərbaycana rəsmi səfərləri uğurla baş tutub. Səfərlər zamanı Azərbaycanın Konstitusiyasının 30 illiyinə həsr olunmuş beynəlxalq konfransda iştirak edilib. Bununla yanaşı, Belarus səfirliyi MDB Parlamentlərarası Assambleyasının Bakıda keçirilən tədbirində fəal şəkildə təmsil olunub.

Səfir vurğulayıb ki, ilin ikinci yarısında Belarus və Azərbaycan Xarici İşlər nazirlikləri arasında konsulluq məsələləri üzrə məsləhətləşmələr keçirilib. Bu prosesin əsas məqsədi hər iki ölkə vətəndaşlarının maraqlarının daha səmərəli şəkildə təmin edilməsidir.

Diplomat beynəlxalq platformalarda göstərilən dəstəyə görə Azərbaycana minnətdarlığını ifadə edərək bildirib ki, bu əməkdaşlıq qarşılıqlı xarakter daşıyır. Onun sözlərinə görə, Azərbaycan Belarusun Asiya Parlament Assambleyasında müşahidəçi statusu əldə etməsini dəstəkləyib, Belarus isə Azərbaycanın Qoşulmama Hərəkatının Parlament Şəbəkəsində sədrliyinin uzadılmasına, həmçinin UNESCO strukturlarına keçirilən seçkilərdə namizədliyinə dəstək verib.

Qiymət Mahir

TodayPress TV

tag: Dmitri Pineviç,Belarus,Səfir,Konfrans,Todaypress.tv,