Belarus səfiri: “İkili diplom proqramları gündəmdədir”

Xarici siyasət

17.12.2025 17:14

“Təhsil sahəsində Belarus və Azərbaycan universitetləri arasında 70-dən çox əməkdaşlıq müqaviləsi mövcuddur və ikili diplomların verilməsini nəzərdə tutan birgə təhsil proqramlarının yaradılması imkanları nəzərdən keçirilir”.

TodayPress TV xəbər verir ki, bunu Belarusun Azərbaycandakı səfiri Dmitri Pineviç 2025-ci ilin yekunlarına dair mətbuat konfransında deyib.

Diplomat bildirib ki, Minsk və Bakıda fəaliyyət göstərən Belarus və Azərbaycan dili və mədəniyyəti mərkəzləri səmərəli işləyir və bu fəaliyyət yüksək qiymətləndirilir. Səfir Azərbaycan Dillər Universitetində keçirilən “Səfir saatı” tədbirində iştirakını məmnunluqla xatırladaraq, bu formatın gələcəkdə də davam etdiriləcəyini qeyd edib.

Onun sözlərinə görə, Belarus Gənclər Mərkəzi səfirliyin dəstəyi ilə Qoşulmama Hərəkatının Gənclər Təşkilatı ilə birbaşa əlaqələr qurub. Görüşlər müsbət təəssürat yaradıb və gənclər arasında əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanlar formalaşdırıb.

Səfir vurğulayıb ki, Belarus tərəfi Azərbaycanın peşə təhsili sisteminin modernləşdirilməsi ilə bağlı məsləhət dəstəyi göstərib. Bu əməkdaşlıq Azərbaycan Prezidenti İlham Əliyevin 2030-cu ilədək 21 yeni peşə məktəbinin istifadəyə verilməsi ilə bağlı qərarı fonunda xüsusi aktuallıq kəsb edir.

Diplomat səhiyyə sahəsində əməkdaşlığın da genişləndirildiyini diqqətə çatdıraraq bildirib ki, transplantologiya, onkologiya və ortopediya əsas istiqamətlər sırasında yer alır.

Turizm sahəsinə toxunan səfir qeyd edib ki, 2026-cı ildən etibarən Belarusda birbaşa hökumətə tabe olan Milli Turizm Agentliyi fəaliyyətə başlayacaq. Onun sözlərinə görə, tərəflər tibbi turizm və tarixi marşrutlar üzrə bir-birini tamamlayan imkanlara malikdir.

Qiymət Mahir

TodayPress TV

tag: Dmitri Pineviç,Belarus,Səfir,Konfrans,Todaypress.tv,