Belarus səfiri Azərbaycanın KİV nümayəndələri ilə görüşdü
Xarici siyasət
17.12.2025 17:25
17 dekabr tarixində Belarusun Azərbaycandakı səfiri Dmitri Pineviç Azərbaycanın elektron və çap kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüş keçirib.
TodayPress TV xəbər verir ki, görüş səfirliyin jurnalist ictimaiyyəti ilə geniştərkibli dialoq ənənəsinin davamı kimi təşkil olunub.
Qeyd edilib ki, bu formatın gələcəkdə hər il, Yeni il ərəfəsində keçirilməsi planlaşdırılır.
Səfir tədbirin Belarus tərəfi üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O, il ərzində ölkədə və beynəlxalq gündəmdə baş verən aktual hadisələrin işıqlandırılması, həmçinin peşəkar analitik materialların hazırlanmasına görə media nümayəndələrinə təşəkkür edib.
Diplomat bildirib ki, iyirmiyə yaxın media qurumunun rəhbərliyinin iştirakı ilə keçirilən kollektiv görüş formatı informasiya və müzakirə platforması kimi qiymətləndirilir və Belarus–Azərbaycan münasibətlərinin gələcəkdə daha da təkmilləşdirilməsinə xidmət edir.
Səfir əlavə edib ki, ikitərəfli əməkdaşlığın bütün istiqamətləri üzrə informasiya mübadiləsi bundan sonra da davam etdiriləcək. Onun sözlərinə görə, bu əməkdaşlığın formalaşmasına dövlət rəhbərlərinin siyasi iradəsi, biznes dairələrinin fəallığı, bir neçə nəsil belarus diplomatlarının fəaliyyəti və səfirliyin hazırkı komandasının işi mühüm töhfə verib.
Qiymət Mahir
tag: Dmitri Pineviç,Belarus,Səfir,Konfrans,Todaypress.tv,
