Bakı daha bir mühüm tədbirə ev sahibliyi edəcək
Bu gün Bakıda keçirilmiş Azərbaycan-ABŞ İqtisadi Dialoqunun ilk iclasında bu il Bakının ABŞ-nin II Dünya Süni İntellekt Həftəsinə ev sahibliyi edəcəyi elan olunub.
TodayPress TV "Report"a istinadən xəbər verir ki, iclas Bakı Enerji Həftəsi çərçivəsində İqtisadiyyat Nazirliyi və ABŞ Dövlət Departamentinin birgə təşkilatçılığı ilə Azərbaycan və ABŞ arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyaya uyğun olaraq təşkil olunub.
İqtisadiyyat naziri Mikayıl Cabbarov və ABŞ Dövlət katibinin iqtisadi, enerji və biznes məsələləri üzrə köməkçisi Keyleb Orrun iştirakı ilə Azərbaycanda rəqəmsal infrastrukturun yaradılması, texnologiya transferi və səmərəli sənaye həllərinin tətbiqi sahələrində bir sıra sənədlər və Dialoqun Protokolu imzalanıb.
Birinci İqtisadi Dialoq çərçivəsində regional bağlantılar, ticarət və tranzit, enerji təhlükəsizliyi, investisiyalar, süni intellekt və rəqəmsal infrastruktur mövzularına həsr olunmuş panel sessiyalar keçirilib. İlk sessiyada Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu (TRIPP), Orta Dəhliz, regional logistika imkanlarının genişləndirilməsi, Azərbaycanın investorlar üçün əlverişli biznes mühiti, eləcə də ölkənin Avropa və Mərkəzi Asiya ilə artan əlaqələrinin ABŞ şirkətləri üçün yaratdığı yeni imkanlar müzakirə olunub.
Enerji təhlükəsizliyi üzrə sessiyada Cənub Qaz Dəhlizinin inkişafı, elektrik bağlantıları və enerji istehsalının artırılması istiqamətində əməkdaşlıq imkanları nəzərdən keçirilib. Təchizat zəncirlərinin diversifikasiyası, kritik mineral təchizat zəncirlərinin şaxələndirilməsi və digər sahələrdə tərəfdaşlıq məsələləri müzakirə olunub.
İqtisadi investisiyalar üzrə paneldə hər iki xalqın qarşılıqlı rifahına xidmət edən iqtisadi layihələrin, o cümlədən nəqliyyat və logistika, enerji və rəqəmsal texnologiyalara ikitərəfli investisiyaların təşviqi məsələləri müzakirə olunub. Həmçinin investorlar üçün təşviq mexanizmlər, üstünlüklər və əlverişli hüquqi rejim təklif edən Ələt Azad İqtisadi Zonası daxil olmaqla müxtəlif istiqamətlərdə ABŞ investisiyalarının təşviqi imkanları diqqət mərkəzində olub.
Süni intellekt və rəqəmsal infrastruktur üzrə müzakirələrdə ABŞ-nin yüksəktexnoloji həlləri barədə məlumat verilib. Data mərkəzləri, süni intellekt texnologiyalarının tətbiqi istiqamətində əməkdaşlıq, tənzimləyici çərçivələrin inkişafı və bu sahədə gələcək tərəfdaşlıq nəzərdən keçirilib. İclas çərçivəsində tərəflər iqtisadi əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı investisiyaların təşviqi və innovativ layihələrin dəstəklənməsinin əhəmiyyətini vurğulayıblar.
Tədbir çərçivəsində həmçinin biznes dairələri ilə görüş keçirilib, özəl sektor arasında əməkdaşlığın inkişafı və yeni tərəfdaşlıqların qurulmasının əhəmiyyəti qeyd olunub.