Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlıq müzakirə olundu

Xarici siyasət

03.02.2026 20:00

Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin rəhbər heyəti Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) işgüzar səfərdədir. 

TodayPress TV xəbər verir ki, səfər çərçivəsində müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə BƏƏ-nin müdafiə işləri üzrə dövlət naziri Əlahəzrət Məhəmməd Bin Mübarək Əl-Fadhel Əl-Məzrui arasında ikitərəfli görüş keçirilib.

Görüşdə Azərbaycan-BƏƏ arasında hərbi sahədə əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib. Birgə təlimlərin və qarşılıqlı səfərlərin ölkələrimiz arasında hərbi əlaqələrin genişlənməsinə töhfə verdiyi qeyd edilib.

Tərəflər, hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində maraq doğuran məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar.

Həmçinin, müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev BƏƏ-nin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant İsa Səif bin Ablan əl-Məzrui ilə görüşüb.

Baş Qərargah rəisləri, hər iki ölkənin hərbi qulluqçularının iştirakı ilə keçirilən “Sülh Qalxanı – 2026” birgə təliminin təcrübə mübadiləsinin artırılması baxımından vacibliyini qeyd edib, eləcə də bir sıra digər məsələlər ətrafında danışıblar.

TodayPress TV

tag: Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, BƏƏ, Zakir Həsənov, Əlahəzrət Məhəmməd Bin Mübarək Əl-Fadhel Əl-Məzrui, todaypress.tv,