Trampdan Meksikaya hərbi mesaj: Quru əməliyyatları başlayır?
Təhlil
09.01.2026 16:39
ABŞ Prezidenti Donald Tramp Meksikadakı narkotik kartellərinə qarşı tezliklə hərbi əməliyyat planlaşdırdıqlarını açıqlayıb. Bu bəyanat, ABŞ-Meksika münasibətləri və regional təhlükəsizlik baxımından narahatlıq yaradır.
İndi sual yaranır: Meksika Venesuela kimi ABŞ-nin nəzarətinə keçə bilərmi və ya ölkədə oxşar siyasi-iqtisadi ssenari baş verə bilərmi?
Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Elçin Xalidbəyli bildirib ki, ABŞ maraq dairəsindəki bəzi ölkələri əsas hədəf hesab edir:

"Ağ Evdən verilən açıqlamalarda, xüsusilə Prezident Donald Trampın son bəyanatlarında belə bir xətt açıq şəkildə müşahidə olunur ki, dünyanın bəzi ölkələri, xüsusilə ABŞ-nin maraqları üçün cəlbedici olan ölkələr, hazırda Amerika Birləşmiş Ştatlarının əsas hədəfinə çevrilmiş kimi görünür".
Onun sözlərinə görə, burada maraqlı olan məqam ondan ibarətdir ki, Ağ Ev yaxın vaxtlarda Qrenlandiyanı ələ keçirəcəyini açıq şəkildə bəyan edib. Buna qədər isə Venesuela, Prezident Donald Trampın da dediyi kimi, ABŞ-nin tam nəzarətinə keçib. İndi isə Ağ Ev ABŞ üçün ön planda olan növbəti hədəfi müəyyənləşdirməkdədir.
Analitik qeyd edib ki, Tramp Meksikaya qarşı hərbi addımlar atıla biləcəyini bildirib:
"Belə anlaşılır ki, növbəti hədəf kimi Meksika ön plana keçə bilər. Prezident Tramp artıq bir neçə dəfə bildirib ki, Meksikanın qadın prezidenti ölkəsini idarə etməkdə çətinlik çəkir və bu ölkəni narkokartellər idarə edir. Ona görə də Meksika ilə bağlı müəyyən addımların atılması lazım gəlir. Yəni, Prezident Tramp bununla açıq şəkildə mesaj verir ki, yaxın vaxtlarda Meksika ilə bağlı hərbi əməliyyatlar baş verə bilər və son açıqlamada da quru əməliyyatlarının yaxın vaxtlarda reallaşa biləcəyini bildirib".
"Bu da onu göstərir ki, hazırda Meksika əsas hədəflər sırasında önə keçməyə başlayıb. Ağ Ev Meksikadan ciddi narazıdır. Hesab edirlər ki, ABŞ ərazisinə daxil olan narkotik maddələrin böyük hissəsi məhz Meksika üzərindən gəlir. ABŞ Meksikanı nəzarət altına almaqla ölkə əhalisini narkotik trafikindən qorumağa çalışır",- E.Xalidbəyli qeyd edib.
Politoloq sonda əlavə edib ki, ABŞ Meksikada narkotik və miqrasiya ilə bağlı nəzarəti gücləndirməyi planlaşdırır:
"Eyni zamanda, burada siyasi-iqtisadi maraqlar da mövcuddur. ABŞ Meksika sərhədinin tez-tez pozulmasından və böyük miqrant kütləsinin ölkəyə daxil olmasından narazıdır. Bütün bu faktorları nəzərə alaraq, ABŞ-nin Meksika ilə bağlı planları bir sıra problemləri həll etməyə yönəlib. Belə anlaşılır ki, yaxın vaxtlarda ABŞ Meksikada quru əməliyyatları keçirərək ölkəni nəzarət altına almağa çalışacaq və həm narkotik, həm də kütləvi miqrasiya probleminin qarşısını almağa cəhd göstərəcək".
Jalə Rövşən
tag: Elçin Xalidbəyli,Politoloq,Tramp,Meksika,Todaypress.tv,
