Tramp Kolumbiyanı da hədələdi: ABŞ-nin planı baş tutacaq?
Təhlil
05.01.2026 16:36
ABŞ Prezidenti Donald Tramp Kolumbiya Prezidenti Qustavo Petronun Latın Amerikasında kokain istehsalının artmasına şərait yaratdığını və bunun ABŞ-nin milli maraqlarına təhlükə törətdiyini bəyan edib.

Tramp mətbuat konfransında çıxışı zamanı Petro təhlükəli narkotikin istehsalının qarşısını almaq üçün tədbirlər görməzsə, Vaşinqtonun Kolumbiyada Venesuela nümunəsində hərbi əməliyyat keçirmək hüququnu özündə saxladığını bildirib. Əks halda, onun sözlərinə görə, Petro ABŞ hüquq-mühafizə orqanları tərəfindən saxlanılan Nikolas Maduronun taleyini təkrarlamaq riski ilə üzləşə bilər.
Sözügedən məsələni TodayPress TV-yə şərh edən politoloq Rəşad Bayramov bildirib ki, indiki mərhələdə ABŞ-nin Kolumbiyaya qarşı Venesuelaya bənzər hərbi ssenarini həyata keçirməsi real görünmür:

“Əvvəla onu qeyd etmək lazımdır ki, ABŞ-nin hərbi müdaxiləsi beynəlxalq hüquq çərçivəsində ciddi məhdudiyyətlərlə üzləşir. Beynəlxalq hüquq və BMT Nizamnaməsi suveren dövlətlərin ərazi bütövlüyünün qorunmasını əsas prinsip kimi müəyyən edir və yalnız özünümüdafiə və ya BMT Təhlükəsizlik Şurasının icazəsi hallarında hərbi əməliyyatlara yol verir. ABŞ Konstitusiyası da xarici müharibə və əməliyyatların aparılması üçün əsasən Konqresin razılığını tələb edir. Venesuelada həyata keçirilən əməliyyat və Nikolas Maduronun saxlanılması isə bu tələblərin pozulması kimi qiymətləndirildi və beynəlxalq ictimaiyyət tərəfindən əsasən qanunsuz addım və suverenliyin pozulması kimi dəyərləndirildi”.
Ekspert qeyd edib ki, Venesueladan sonra Kolumbiyaya mümkün hərbi müdaxilə daha geniş regional etirazlara səbəb ola bilər:
“Bu gün Kolumbiya ilə bağlı vəziyyətin fərqli olmasının bir neçə mühüm səbəbi var. ABŞ və Kolumbiya uzun illərdir narkotiklə mübarizə və təhlükəsizlik sahəsində sıx əməkdaşlıq edirlər. Vaşinqtonun əsas strategiyası Kolumbiyada narkotik istehsalını azaltmaq üçün hüquqi, iqtisadi və təhlükəsizlik mexanizmlərindən istifadə etməkdir. Açıq hərbi əməliyyat isə nə praktik, nə də effektiv alət kimi dəyərləndirilir. ABŞ-nin əsas narahatlığı Kolumbiyada kokain istehsalının artmasıdır və hərbi müdaxilə bu problemi tam həll etmək əvəzinə, vəziyyəti daha da mürəkkəbləşdirə bilər”.
R.Bayramovun sözlərinə görə, belə bir ssenari bölgədə ciddi geosiyasi reaksiyalar doğura bilər:
“Venesueladan sonra ABŞ-nin Kolumbiyaya da açıq hərbi müdaxiləsi Ekvador, Braziliya və digər qonşu ölkələrdə anti-ABŞ mövqelərinin güclənməsinə səbəb ola bilər. Bu isə Ağ evin maraqlarına uyğun deyil”.
Politoloq vurğulayıb ki, ABŞ-nin Venesuelaya müdaxiləsinin arxasında əsas motiv narkotik deyil, enerji resursları ilə bağlı idi:
“Hər kəsə məlumdur ki, ABŞ-nin Venesuelaya müdaxiləsi Maduro hakimiyyətinin narkotik ticarəti ilə əlaqələrindən daha çox, ölkənin zəngin neft ehtiyatlarına nəzarəti ələ keçirmək niyyəti ilə bağlıdır. Kolumbiya isə bu baxımdan ABŞ üçün o qədər də cəlbedici və perspektivli ölkə deyil. Düzdür, Kolumbiyada da zəngin mineral ehtiyatlar, neft və qaz mövcuddur, lakin coğrafi şərtlər səbəbindən onların istismarı kifayət qədər mürəkkəbdir və sərmayə baxımından yüksək effektivlik vəd etmir”.
Ekspertin fikrincə, bütün bu amillər Tramp administrasiyasının “Venesuela ssenarisi”ni Kolumbiyada təkrarlamaq ehtimalını xeyli azaldır.
“Bu səbəbdən Trampın bu istiqamətdə səsləndirdiyi açıqlamaları daha çox diplomatik təzyiq və simvolik xəbərdarlıq kimi qiymətləndirmək lazımdır”, – deyə Rəşad Bayramov fikrini yekunlaşdırıb.
Qiymət Mahir
tag: Rəşad Bayramov,Politoloq,Tramp,Kolumbiya,Todaypress.tv,
