Qazaxıstan Rusiyadan işğal etdiyi Orenburqu istəyir - 100 illik plan çökərsə...
1920-ci ildə bolşeviklər Qırğız (sonradan Qazax) Muxtar Sovet Sosialist Respublikasını elan edəndə paytaxtı Orenburqa yerləşdirdilər. Şəhər sənaye, nəqliyyat və inzibati baxımdan əlverişli mərkəz idi. Lakin cəmi beş il sonra, 1925-ci ildə Orenburq vilayəti və ətraf rayonlar RSFSR-ə qaytarıldı, paytaxt isə cənuba – Qızılordaya köçürüldü.
![]()
Niyə?
Orenburq əhalisinin böyük hissəsi ruslardan ibarət idi və oranı saxlamaq etnik balansı “düzəltmək” üçün vacib sayılırdı. Amma bu, daha dərin geosiyasi məqsədə xidmət edirdi: Volqa hövzəsindəki türkdilli xalqları (başqırd və tatarları) Qazaxıstandan ayırmaq. Orenburq rus ərazisi kimi bir zolaq yaradırdı ki, potensial türk-müsəlman əlaqələri məhdudlaşsın. Bolşeviklər “böl və idarə et” prinsipini bu cür hallarda rahatlıqla tətbiq edirdilər.
Bu gün qazax millətçiləri Orenburqu tarixi ədalətsizlik adlandırırlar. Onlar 1920-1925-ci illərdə şəhərin Qazax ASSR-in paytaxtı olmasını əsas gətirərək, ərazinin “qaytarılmasını” təklif edirlər. Xüsusilə 2024-cü ildə Başqırdıstandakı etirazlar və digər hadisələr fonunda bu səslər daha çox eşidildi. Millətçilər hesab edir ki, Orenburq Qazaxıstanın nəzarətinə keçsə, Rusiya “divarı” aradan qalxacaq və Qazaxıstanla Volqa türk xalqları arasında birbaşa əlaqə yaranacaq. Orenburq məhz bu iki respublikanı Qazaxıstandan ayıran “divar” funksiyasını yerinə yetirirdi.
Orenburqda hazırda on minlərlə qazax yaşayır və ərazi demoqrafik baxımdan da dəyişir – rus əhalisi azalır, digər qruplar isə nisbətən artır. 100 illik ruslaşdırma siyasəti iflasa uğrayır. Rusiyadakı mərkəzi hakimiyyət bu cür çağırışlara kəskin reaksiya verir və onları xarici qüvvələrin Rusiyanı zəiflətmək planının parçası kimi görür.
Rəsmi Qazaxıstan isə mövzudan kənar keçməyə çalışır. Astana Moskva ilə strateji əlaqələri - EAvİB, KTMT, iqtisadi əməkdaşlıq - prioritet sayır və sərhəd məsələlərini 2000-ci illərdə razılaşdırıb. O, ərazi bütövlüyü prinsipinə sadiq qaldığını bəyan edir.
Əgər Rusiyanın mərkəzi idarəetmə sistemi ciddi sarsıntı keçirsə – iqtisadi çətinliklər, daxili gərginliklər və ya uzunmüddətli münaqişələrin nəticələri səbəbindən – Orenburq məsələsi də masaya qoyula bilər. Bu, Qazaxıstan üçün həm fürsət, həm də böyük riskdir: bir tərəfdən türk xalqları arasında əlaqələrin güclənməsi, digər tərəfdən isə Rusiya ilə birbaşa qarşıdurma, iqtisadi itkilər və etnik gərginlik.
Orenburq Bolşeviklərin qurduğu uzunmüddətli nəzarət mexanizminin ən aydın nümunəsidir. Şərtlər dəyişsə xəritə də dəyişəcək. Qazax milli şüurunda bu mövzu canlıdır və gələcəkdə geosiyasi vəziyyətə görə daha da qabara bilər.
Jalə Rövşən