Papuaşvilidən anti-Rusiya ritorikası: səmimiyyət, yoxsa boş gurultu?
Təhlil
16.12.2025 16:49
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib ki, Rusiya Gürcüstanın ərazi bütövlüyünü tanımadan iki ölkə arasında münasibətlərin normallaşması mümkün deyil. Tbilisi Abxaziya və Cənubi Osetiyanın işğal altında olduğunu vurğulayır və bu şərti dəyişməz milli mövqe kimi təqdim edir.

Maraqlıdır, bu mövqenin real nəticələrə gətirib çıxarma ehtimalı nə qədərdir? Son açıqlamalar Rusiya ilə münaqişə ocağının yenidən közərməyə başladığını göstərirmi?
Sözügedən mövzu ilə bağlı TodayPress TV-yə danışan politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Gürcüstan balans axtarsa da, Rusiya Abxaziya və Cənubi Osetiyadan çıxmaq istəmir:

"Gürcüstan parlamentinin sədri Şalva Papuaşvilinin açıqlamaları sanki həm Rusiyaya, həm də Avropa İttifaqına yönəlik tənqidi mövqe kimi təqdim olunur. Formal olaraq bir sıra çıxışlarda milli maraqlara istinad edilsə də, praktikada Gürcüstanın Qərbdən uzaqlaşdığı, eyni zamanda Rusiya ilə münasibətləri müəyyən çərçivədə qorumağa çalışdığı müşahidə olunur. Hakimiyyət dairələri Rusiyanın mövqelərini qismən nəzərə alsalar da, bu yanaşma real nəticə vermir. Çünki Rusiya nə Cənubi Osetiyadan, nə də Abxaziyadan çıxmaq niyyətindədir".
Ekspertin sözlərinə görə, Papuaşvilinin mövqeyi praktik nəticə vermir:
"Bu səbəbdən Gürcüstan hökuməti artıq aydın və prinsipial mövqe ortaya qoymalıdır. Ölkə faktiki olaraq öz ənənəvi siyasətindən, xüsusilə avrointeqrasiya kursundan geri çəkilib. Rəsmi bəyanatlarda Qərb dəyərlərinə sadiqlik ifadə edilsə də, real addımlar bunu təsdiqləmir. Papuaşvilinin zaman-zaman anti-Rusiya ruhunda səslənən fikirləri də praktik müstəvidə qarşılığını tapmır. Əksinə, qəbul edilən qərarlar və qanunlar bir çox hallarda Rusiyanın maraqları və siyasəti ilə uzlaşır. Bu baxımdan Papuaşvilinin mövqeyi daha çox ritorik xarakter daşıyır və praktik əhəmiyyət kəsb etmir".
Analitik hesab edir ki, Tbilisi Rusiya ilə yaxınlaşmaya işarə verir:

"Əsas məsələ Gürcüstanın öz ənənəvi xarici siyasət xəttinə qayıtması və ərazi bütövlüyünün bərpası uğrunda ardıcıl mübarizə aparmasıdır. Rusiya ilə edilən reveranslar və güzəştlər bu məqsədə xidmət etmir. Hazırda Gürcüstanın Rusiya ilə diplomatik münasibətləri bərpa etməməsi daha çox Qərb dəyərlərinə istinadla əsaslandırılır. Lakin görünən odur ki, müəyyən müddətdən sonra, işğal faktına baxmayaraq, Tbilisi həm Qərblə münasibətlərdə manevr etməyə, həm də Rusiya ilə diplomatik əlaqələri qurmağa hazır ola bilər. Xüsusilə borc məsələlərinin gündəmə gətirilməsi bu istiqamətdə müəyyən siqnallar verir".
Jalə Rövşən
tag: Məhəmməd Əsədullazadə,Politoloq,Şalva Papuaşvili,Gürcüstan,Todaypress.tv,
