“Nəfəslik” açıldı: ABŞ Rusiyanı Çinin qucağına itələyir?

Təhlil

18.02.2026 18:29

Hindistanın idxal etməkdən imtina etdiyi bütün nefti Çin idxal edib. Bununla da Çinin Rusiyadan idxalı 2 milyon barrelə çatıb. 


Hazırda Rusiyanın Çində payı 25%-ə çatır. Pekin Rusiya üçün nəfəslik rolunu oynayaraq onun büdcəsini ayaqda saxlamağa davam edir.

Bu konteksdə bir neçə sual meydana çıxır: 

Çin Rusiya büdcəsini dolayısı ilə maliyyələşdirməklə Ukrayna müharibəsinin uzanmasına töhfə vermiş olur? 

Bəs gələcəkdə Çin bu enerji asılılığından Rusiyaya qarşı siyasi rıçaq kimi istifadə edə bilər?

Həmçinin bu vəziyyət ABŞ–Çin münasibətlərində əlavə gərginlik yarada bilərmi?

Məsələ ilə bağlı TodayPress TV-yə danışan Ədalət, Hüquq, Demokratiya Partiyasının (ƏHD) ictimai-siyasi əlaqələr üzrə katibi, politoloq Azər Qasımov bildirib ki, Çin Rusiyanı sona qədər dəstəkləyəcəyini açıq şəkildə etiraf edir və bu mövqe Ukrayna müharibəsinin ilk günlərindən dəyişməz olaraq qalır:


“Çin Ukrayna müharibəsinin ilk günlərindən bəyan etmişdi ki, Rusiya böyük dövlətdir və onun Ukraynada etdiklərini qəbul etmək lazımdır. Çin Rusiya neftini almaqla onun ayaqda qalmasını təmin edir. Təbii ki, bunu öz geosiyasi maraqlarından irəli gələrək edir və Rusiyanı öz yanında saxlayır. Çinin dəstəyi olmasaydı, Rusiyanın durumu indikindən daha acınacaqlı olardı”.

Politoloqun sözlərinə görə, Pekinin bu siyasətinin arxasında ilk növbədə enerji amili dayanır:

“Çinin Rusiyanı dəstəkləməsinin əsas səbəblərindən biri enerji xammalına olan asılılıqdır. Rusiyanın təbii ehtiyatları da Çinin maraq dairəsindədir. Çin və Rusiya müəyyən mənada bir-birindən asılıdır. Birinin ABŞ qarşısında məğlub olması digərinin də məğlubiyyəti anlamına gələ bilər”.   

Azər Qasımov hesab edir ki, ABŞ-Çin münasibətlərinin onsuz da gərgin olduğu bir şəraitdə Vaşinqton Moskva ilə bağlı daha ehtiyatlı davranmağa üstünlük verə bilər:


“Hesab edirəm ki, ABŞ-nin onsuz da Çinlə münasibətləri gərgindir. Lakin Rusiyanı daha da özündən uzaqlaşdırmamaq üçün Vaşinqton kəskin addımlar atmaya bilər. Rusiya üçün neft bazarları daralır. O, məcburi şəkildə öz neftini Çinə daha aşağı qiymətə satır. Amma bunun Rusiyanın bütün maddi tələbatlarını ödəməyəcəyi də məlumdur”.    

Ekspert əlavə edib ki, Moskva üçün tam şəkildə Pekindən asılı vəziyyətə düşmək də arzuolunan ssenari deyil:

“Əgər Rusiya yalnız Çindən asılı vəziyyətdə qalarsa, bunun sonda onun üçün yaxşı olmayacağını Moskva da anlayır. Bu baxımdan ABŞ müəyyən mərhələyə qədər Rusiyanı Çinin qucağına doğru itələyə bilər ki, Rusiya təhlükəsizlik baxımından daha riskli məqama gəlib çatsın. Həmin mərhələdə isə Rusiya Çinlə yaxınlaşmanı dayandırmaq məcburiyyətində qala bilər. Bundan sonra ABŞ Çinə qarşı öz planlarını daha fəal şəkildə həyata keçirməyə başlaya bilər”.

Qiymət Mahir

TodayPress TV

tag: Azər Qasımov,politoloq ,ABŞ,Çin,Rusiya,Todaypress.tv,