Köçəryan elə bir açıqlama verdi ki... ancaq "Bayraktar"la yumaq olar
Ermənistanın keçmiş prezidenti və hazırda müxalifət lideri Robert Köçəryan yenidən diqqət çəkən açıqlama verib.
TodayPress TV xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Köçəryan Türkiyənin Cənubi Qafqazdakı artan rolunu vurğulayaraq bildirib ki, bu təsiri tarazlaşdıra bilən yeganə ölkə Rusiyadır.
O, Rusiyanı regionda əsas güc mərkəzi kimi görməyə davam edir və Ermənistanın Ankaranın güclənməsinə qarşı məhz Moskva ilə sıx əlaqələr qurmalı olduğunu qeyd edir. Onun fikrincə, Rusiyasız heç bir balans mümkün deyil.
Bu yanaşma “köhnə düşüncənin” klassik nümunəsidir.
2020-ci il Vətən müharibəsindən, xüsusilə 2023-cü il hadisələrindən sonra Cənubi Qafqazda geosiyasi mənzərə tamamilə dəyişib. Rusiyanın regional təsiri əhəmiyyətli dərəcədə zəifləyib, Ukrayna müharibəsi isə bu prosesi daha da sürətləndirib.
Bu müddət ərzində isə Azərbaycan-Türkiyə strateji müttəfiqliyi regionda yeni, daha güclü və dinamik tarazlıq yaradıb. Azərbaycanın ərazi bütövlüyünün bərpası, Zəngəzur dəhlizinin açılması perspektivi və Türk dünyasının birgə layihələri bu yeni reallığın əsas elementləridir.
Baş nazir Nikol Paşinyanın özü də 2020-ci ildən sonra bu dəyişikliyi qismən də olsa qəbul edərək siyasətini diversifikasiya etməyə çalışır. Köçəryan isə hələ də 90-cı və 2000-ci illərin Rusiya dominantlığı dövründə ilişib qalıb.
Seçki ərəfəsində bu cür açıqlamalar daxili auditoriyaya hesablanıb və müxalifət bazasını saxlamaq cəhdidir. Amma reallıq ondan ibarətdir ki, Rusiyanın keçmişdəki “ağır çəkisi” artıq yoxdur.
Regionda yeni güc mərkəzi formalaşıb və bu mərkəzin də mərkəzində Azərbaycan-Türkiyə birliyi dayanır. Köçəryan və onun kimi düşünənlər yaxşı anlayırlar ki, əgər yenidən köhnə oyunlara qayıtmaq istəsələr, bu dəfə də “Bayraktar”lar cavab verəcək. Regionda yeni qaydalar var və bu qaydaları Azərbaycanla Türkiyə yazır.
Jalə Rövşən