Hindistan Rusiyanı “ARXA PLANA” atdı: Böyük RAZILAŞMA

Təhlil

03.02.2026 14:12

Hindistan Baş naziri Modi Rusiya neftinin idxalını dayandırmağa razılaşıb.

ABŞ Prezidenti Donald Trump bu barədə öz "Truth Social" hesabında yazıb.

Bəs, bundan sonra Rusiya-Hindistan münasibətlərini nə gözləyir?

Sözügedən məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Əli Mustafa deyib ki, Hindistan Rusiya neftindən güzəşt qarşılığında imtina edir:


"Bəli, Hindistan və ABŞ arasında danışıqlar və razılaşma olub. Hindistan Rusiya neftini almaqdan imtina edir, qarşılığında ABŞ və Venesuela nefti alacaq. ABŞ isə buna cavab olaraq Hindistana tətbiq etdiyi rüsumları 25%-dən 18%-ə endirir. Beləliklə, iki böyük dövlət razılığa gəlir".

Analitik qeyd edib ki, Hindistan ABŞ-ni daha üstün tutur:

"Rusiya-Hindistan münasibətlərinə gəldikdə, bu yanaşma onu deməyə əsas verir ki, Hindistan Amerika ilə toqquşmaq istəmir; yəni onun üçün ABŞ öncəlik təşkil edir, Rusiya isə ikinci sıradadır. Əlbəttə, Rusiya və Hindistan arasında başqa sahələrdə də əməkdaşlıq davam edəcək. Yəni tamamilə bu əlaqələrin kəsiləcəyini düşünmürəm. Hətta Rusiya Hindistanı başa düşməyə məhkumdur: Hindistan bu sahədə Rusiya ilə əməkdaşlığını davam etdirsə, Amerikadan ciddi sanksiyalarla üzləşə bilər. Ona görə də Hindistan öz iqtisadiyyatını inkişaf etdirməyə çalışır".

Ə.Mustafa həmçinin diqqətə çatdırıb ki, Hindistan Çinə qarşı ABŞ ilə əməkdaşlığı seçir:

"Təbii ki, Çinə qarşı aparılan proseslərdə Hindistana Qərbin, o cümlədən ABŞ-nin ciddi dəstəyi var. Onlar Hindistana ciddi investisiya qoyur, onun iqtisadiyyatını gücləndirir və onu Çinə qarşı ciddi rəqib eləmək istəyirlər. Odur ki, Hindistan Rusiyanın deyil, ABŞ-nin yanında olmağın daha vacib olduğunu anlayır və yəqin ki, bunu ruslara da izah edə bilirlər".

Ekspert vurğulayıb ki, Hindistan və Rusiya arasında əlaqələr müəyyən dərəcədə zədələnə bilər:

"Təbii ki, Hindistan riskləri nəzərə alacaq. Amma biz Modini tanıyırıq. O kifayət qədər təcrübəli və beynəlxalq münasibətlərdə müəyyən nüfuz və avtoritetə malik bir liderdir. O, Rusiya ilə də bir formada dil tapa biləcək. Hətta onların əlaqələrinin açıq və ya gizli şəkildə davam etməsi də mümkündür".

Jalə Rövşən

TodayPress TV

tag: Əli Mustafa,Politoloq,Rusiya,Hindistan,Todaypress.tv,