“Ermənistanda Kilsə KQB agentlərindən təmizlənir” - Natali Aleksanyan

Təhlil

09.01.2026 15:03

"Erməni Apostol Kilsəsinin Ktriç Nersisyanın təsirindən təmizlənməsi prosesi Baş nazir Nikol Paşinyanın şəxsi təşəbbüsü ilə deyil, xalqın aydın və konkret tələbi əsasında başlanıb". 

Ermənistanlı politoloq Natali Aleksanyan bunu TodayPress TV-yə danışarkən bildirib.  

Onun sözlərinə görə, bu prosesə qoşulan yepiskoplar Nikol Paşinyana deyil, erməni xalqına dəstək olurlar. Burada söhbət siyasi sədaqətdən yox, milli və mənəvi məsuliyyətdən gedir.

Analitik qeyd edib ki,  kilsənin siyasətə cəlb edilməsi ilə Konstitusiya sərhədləri  pozulub:

"Ktriç Nersisyan Konstitusiyanın sərhədlərini ilk pozan şəxs olub: o, kilsəni siyasi platformaya çevirib və ruhanilər üçün Konstitusiya ilə qadağan olunmasına baxmayaraq, Qalstanyanı müxalifət fiquru kimi küçələrə çıxarıb. 

Yəqin ki, siz Qalstanyanla bağlı hadisələri və Kirantsda baş verən insidentləri xatırlayırsınız. Bundan əlavə, ictimaiyyətə məlum olan sənədlər və dərc olunan materiallar var ki, onlara əsasən Ktriç Nersisyan və onun qardaşı Ezrasın (Karo adı ilə də tanınır) KQB ilə əlaqələri olub. Bu məsələ uzun illərdir cəmiyyət tərəfindən qaldırılır və artıq konkret ictimai tələbə çevrilib".

Ekspert vurğulayıb ki, Ktriç Nersisyanın hərəkətləri  kilsəyə hörmətsizlik kimi dəyərləndirilib: 

“Xüsusi diqqətə layiq olan başqa bir məqam da budur ki, internetdə Ktriç Nersisyanın idarəetmə işləri üzrə rəhbəri Arşak Xaçatryanın iştirakı ilə yayılan qalmaqallı seksual xarakterli videomateriallardan sonra Ktriç Nersisyan onu vəzifədən kənarlaşdırmayıb və kilsənin mənəvi nüfuzunu qorumaq üçün heç bir addım atmayıb. Bu susqunluq və hərəkətsizlik cəmiyyət tərəfindən kilsənin təhqir olunmasına dözümlülük kimi qəbul edilib”.  

Politoloq əlavə edib ki, bu gün Arşak Xaçatryan həbsdədir və bu, eyni ictimai tələbin nəticəsidir. Bu fakt bir daha göstərir ki, söhbət ayrı-ayrı şəxslər ətrafında qurulan siyasi oyundan yox, ictimai ədalət və məsuliyyət məsələsindən gedir.

"Bütün bu proseslər erməni xalqının tələbidir və Baş nazir bu tələbə Konstitusiya məsuliyyəti çərçivəsində - həm dövlət başçısı, həm də Erməni Apostol Kilsəsinin davamçısı kimi, şəxsi maraqlara deyil, ictimai iradəyə əsaslanaraq reaksiya verib", - Natali Aleksanyan fikrini tamamlayıb.  

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan yanvarın 8-də jurnalistlərə açıqlamasında həm Erməni Apostol Kilsəsinin davamçısı, həm də ölkənin baş naziri olduğunu bildirmiş, kilsə daxilində baş verən proseslərdə özünü məsul tərəf hesab etdiyini, ruhanilərin isə məsələlərə yepiskop statusu ilə yanaşdığını qeyd etmişdi.

 Jalə Rövşən

TodayPress TV

tag: Natali Aleksanyan,Erməni jurnalist,Ermənistan,KGB,Todaypress.tv,