Bəzi hökmlər insanları qisas almağa sövq edir - Hüquqşünasdan yeni maddə təklifi

Bəzi hökmlər insanları qisas almağa sövq edir - Hüquqşünasdan yeni maddə təklifi
23.06.2026 12:16 Təhlil

"Bəzi hallarda məhkəmə qərarlarının cəmiyyət tərəfindən ədalətli qəbul edilməməsi sonradan daha ağır cinayətlərin baş verməsinə zəmin yaradır".

TodayPress TV xəbər verir ki, bunu hüquqşünas İlqar Altay deyib.


O, sosial şəbəkədə paylaşdığı fikirlərdə Şamaxıda baş vermiş hadisəni nümunə göstərib. Hüquqşünasın sözlərinə görə, MMA üzrə məşqçi və eyni zamanda güləş üzrə çempion olan bir şəxs əvvəlcə qəsdən adam öldürmə ittihamı ilə mühakimə edilib. Lakin sonradan işə yenidən baxılarkən əməl zəruri müdafiə həddini aşma kimi qiymətləndirilib və həmin şəxs qısa müddət sonra azadlığa buraxılıb:

"Ölən şəxsin qardaşı bu hökmü ədalətsiz hesab edib. O, qardaşını öldürən adamın belə tezliklə azadlığa çıxmasını qəbul edə bilməyib və nəticədə gedib həmin şəxsi öldürüb. Buna görə də yaxın günlərdə ona qisas motivi ilə törədilmiş qətl üzrə 14 il həbs cəzası verilib. Bu hadisə cəzanın mahiyyəti barədə ciddi suallar doğurur. Cəza nə üçündür? Həm zərərçəkmişin haqqının təmin olunması, həm təqsirləndirilən şəxsin islahı, həm digər şəxslərin oxşar cinayətlərdən çəkindirilməsi, həm ictimai ədalət hissinin təmin olunması, həm də qanunun aliliyinin qorunması üçün. Deməli, hökm elə qanuni və ədalətli olmalıdır ki, bütün bu məqsədlərə xidmət etsin".

Onun fikrincə, sözügedən işdə ilk qətlin qurbanının yaxınları məhkəmə qərarını öz hüquqlarının təminatı kimi qəbul etməyiblər:

"Görünür ki, birinci hökm mərhumun və onun doğmalarının haqqını təmin etməyib. Nəticədə qardaşı qanunu pozaraq qisas almağa əl atıb. O, bunun müqabilində uzunmüddətli həbs cəzası alacağını bilsə də, özünün və ailəsinin ədalət hissini bu yolla təmin etdiyini düşünüb. Məhkəmələr obyektiv, qanuni və cəmiyyət tərəfindən ədalətli hesab edilən qərarlar qəbul etməlidirlər. Məhkəmə hökmləri elə olmalıdır ki, heç kim qisas almağa ehtiyac duymasın. Əks halda insanlar qanuna deyil, şəxsi ədalət anlayışlarına üz tuturlar. Bu isə hüquqi dövlət prinsipləri üçün təhlükəlidir".

Hüquqşünas bu kontekstdə Cinayət Məcəlləsinə “qisasa vadar etmə” adlı yeni maddənin əlavə olunmasının mümkünlüyünü də müzakirəyə çıxarıb. O, eyni zamanda məhkəmə-hüquq sistemində daha dərin islahatlara ehtiyac olduğunu bildirib.

İlqar Altay fikirlərini əsaslandırmaq üçün 2002-ci ildə baş vermiş və dünya mediasında geniş işıqlandırılmış hadisəni də xatırladıb.

Onun sözlərinə görə, həmin vaxt Dağıstandan olan bir həkimin həyat yoldaşı və iki övladı İsveçrəyə turist səfəri zamanı təyyarə qəzasında həlak olub:

"Təyyarə İsveçrəyə yaxınlaşarkən dispetçerin kobud səhlənkarlığı nəticəsində başqa bir təyyarə ilə havada toqquşub. Hər iki təyyarə qəzaya uğrayıb və yüzlərlə insan həyatını itirib. Məhkəmə prosesindən sonra dispetçerə cəmi bir neçə il həbs cəzası verilib və o da vaxtından əvvəl azadlığa çıxıb. O, uzun müddət müxtəlif instansiyalara müraciət etsə də, nəticə əldə edə bilməyib. Daha sonra İsveçrəyə gedərək dispetçeri tapıb və onu öldürüb. Ardınca polisə təslim olub. Məhkəmə hesab edib ki, faciəyə səbəb olan şəxslə bağlı əvvəlki qərar cəmiyyət və zərərçəkən tərəf üçün yetərli ədalət hissi yaratmayıb. Buna görə də həkimə nisbətən daha yüngül cəza tətbiq olunub", - deyə o, fikrini tamamlayıb.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
23 IYUN 2026
Bütün Xəbərlər