Yeniyetmələrin evdən qaçması halları artıb - Valideynlər nə etməli?
Sosial
14.11.2025 17:06
Son dövrlərdə yeniyetmələrin evdən qaçma hallarının artması valideynləri və cəmiyyəti narahat edir. Problemin əsas səbəbləri arasında ailədaxili münasibətlərin gərgin olması, valideynlərlə ünsiyyətin zəifliyi və emosional dəstəyin çatışmazlığı ön plana çıxır.
Mövzu ilə bağlı TodayPress TV-yə danışan psixoloq Zeynəb Əyyubova bildirib ki, yeniyetmələr bu dövrdə kim olduqlarını anlamağa və sərhədlərini müəyyən etməyə çalışırlar:

"Əgər ailə bu ehtiyaclara anlayışla yanaşmır, daim tənqid edir və sərt qaydalar tətbiq edirsə, yeniyetmə özünü sıxılmış və dəyərsiz hiss edə bilər. Sosial mühit, internet və dost təsirləri də bu qərarlarda rol oynayır. Bəzən evdə zorakılıq, təzyiq və emosional istismar halları olur ki, yeniyetmə fiziki və psixoloji təhlükədən qaçmaq üçün evdən uzaqlaşır".
Psixoloq əlavə edib ki, problemin həlli üçün ailədaxili ünsiyyətin gücləndirilməsi vacibdir:
"Valideynlər övladlarını dinləməyi, duyğularını qəbul etməyi və onlara hörmətlə yanaşmağı bacarmalıdırlar. Tənqid və cəza yerinə anlayış və dəstək ön planda olmalıdır. Yeniyetmələrə öz fikrini ifadə etmək və qərarlarda iştirak etmək imkanı verilməlidir. Məktəblərdə psixoloji xidmətlər gücləndirilməli, valideynlər mütəmadi maarifləndirilməli və riskli davranışlar erkən mərhələdə müəyyən edilərək psixoloq dəstəyi ilə yönləndirilməlidir. Yeniyetmənin ailədən qaçması problemin özü deyil, altında yatan səbəblərin nəticəsidir", – deyə Zeynəb Əyyubova vurğulayıb.
Türkan İsgəndərli
tag: Yeniyetmə,Qaçmaq,Valideyn,Narahatlıq,Todaypress.tv,
