"Bir-birini tanımayan insanlar eyni məclisdə...": Toylara 100 nəfərdən çox adam çağırılmasın - TƏKLİF
Son zamanlar ölkəmizdə toy məclislərində baş verən xoşagəlməz insidentlər, hətta faciəvi qətllərlə nəticələnən ağır davalar cəmiyyətdə ciddi narahatlıq doğurur. Əyləncə və sevinc məkanı olan şadlıq evlərinin bəzən gərginlik ocağına çevrilməsi sual doğurur: görəsən, ənənəvi toy mədəniyyətimizdə nələr dəyişib və bu cür neqativ halların qarşısını almaq üçün hansı təcili addımlar atılmalıdır?
Sosioloq Hüseyn İbrahimov mövzu ilə bağlı TodayPress TV-yə danışarkən toylardakı mövcud mənzərəni sərt şəkildə tənqid edib və vəziyyətdən çıxış yolu kimi radikal təkliflər irəli sürüb.
Onun sözlərinə görə, toylardakı mübahisələr yeni fenomendən ibarət deyil, lakin bu halların xarakteri və nəticələri kökündən dəyişib:
"Ümumiyyətlə, belə insidentlər toylarda tez-tez baş verir. Əvvəllər də toylarda, xüsusən də içkili vəziyyətdə, kənd toylarında belə hallar olurdu. Ancaq həmin insidentlər hansısa qətllə və ya ağır nəticələrlə başa çatmırdı. İndi isə dünyada belə insidentlərin statistikasında artım müşahidə olunur. Təəssüf ki, ölkəmizdə də xüsusən xeyir məclislərində, o cümlədən toylarda belə hallar baş verir. Düzdür, insidentlərin qarşısının alınması və ya insident törədən şəxslərin zərərsizləşdirilməsi, dərhal saxlanılması ilə bağlı hüquq-mühafizə orqanları həmişə çox operativ işləyirlər. Xüsusən də indi hər yerdə kameraların olması səbəbindən demək olar ki, heç kim belə insident törөtdikdən sonra məsuliyyətdən yayına bilmir. Ancaq bütün hallarda insident baş verəndə bu, təəssüf doğurur. Xüsusən də şadlıq günündə, toy günündə belə hadisənin baş verməsi bütün insanları məyus edir".
Sosioloq qədim adətlərimizlə müasir reallıqları müqayisə edərək bildirib ki, keçmişdə ağsaqqal müdaxiləsi və yaxın münasibətlər neqativlərin qarşısını alırdı:
"Düşünmək olar ki, ümumiyyətlə, toy zamanı əvvəllər də belə davalar olurdu. Xüsusən kənd toylarında bu, kifayət qədər tez-tez baş verirdi. Ancaq həmin mübahisələr hansısa ölümlə və ya qətlə nəticələnmirdi. Dərhal müəyyən ağsaqqallar, ağbirçəklər müdaxilə edir, tərəfləri barışdırır və yola salırdılar. Bunun əsas səbəblərindən biri də o idi ki, toylarda iştirak edənlərin əksəriyyəti bir-birini tanıyır və bir-birinə münasibətdə yaxşı münasibətdə olurdu. Xüsusən də indiki qədər spirtli içkilərdən istifadə edilmirdi".
Ekspertin fikrincə, bugünkü toyların əsas bəlası tanımadığımız insanların kütləvi şəkildə eyni məkana yığılmasıdır:
"Toylar bu gün artıq müəyyən mənada öz məcrasından çıxıb. Bir-iki dəfə, yaxud bir neçə gün əvvəl tanış olduğu insanı qarşı tərəf toyuna çağırır. Yaxud 10 il ərzində heç bir əlaqəsi və münasibəti olmayan, hətta bir-biri ilə salam-kəlamı belə olmayan insanlar 10 ildən sonra bir-birini toylarına dəvət edirlər. Bütün bunlar isə toy iştirakçılarının olduqca mürəkkəb bir kontingentinin formalaşmasına səbəb olur. Halbuki toyda iştirak edən insanların kim olduğu, bir-biri ilə hansı münasibətdə olduğu müəyyən qədər bəlli olmalıdır. Yəni sən mənim toyumda olmusan, ona görə də mən 10 ildən sonra səni öz toyuma çağırıram" prinsipi ilə toy məclisi təşkil olunmamalıdır. Bir sözlə, bir-birini tanımayan insanların eyni məclisdə həddindən artıq çox cəmlənməsi müəyyən problemlərə gətirib çıxara bilər. Toyda iştirak edən insanlar toyu təşkil edən şəxsin yaxın qohumları, dostları, yaxın iş yoldaşları və onların yaxın çevrəsindən olan insanlar olmalıdır".
Mütəxəssis hesab edir ki, mövcud qüsurların aradan qaldırılması üçün toyların formatı kökündən dəyişdirilməlidir:
"Ümumiyyətlə, spirtli içkilərin həddindən artıq istifadəsinə yol verilməməlidir. Bunun müəyyən bir norması, limiti olmalıdır. Azyaşlı uşaqların toylarda iştirak etməsi məqsədəuyğun deyil. Toy iştirakçılarının sayı 100 nəfəri ötməməlidir. Toyların dörd-beş-altı saat davam etməsinə də ehtiyac yoxdur. Toylar iki saat ərzində, yığcam şəkildə keçirilməlidir. İştirakçıların sayı məhdud olmalı və onlar bir-birini tanımalıdırlar. İnsanlar öz sevgilərini, xoş arzularını, xeyir-dualarını yeni ailə quranlara çatdırmalı və məclis iki saat ərzində yekunlaşmalıdır. Musiqinin səs tonu da aşağı səviyyədə olmalıdır. Bəzən yüksək səsli musiqi və spirtli içkilər insanlarda psixoloji gərginlik yaradır, əhval-ruhiyyəyə mənfi təsir göstərir və stresə səbəb olur. Həddindən artıq çox insanın toyda cəmlənməsi, musiqi sədaları altında rəqs etmək və digər məsələlər də insanların bir-biri ilə konfliktə girməsinə səbəb ola bilər. Eyni zamanda, müəyyən yaşda olan insanlar üçün oturaq yerlər, stullar nəzərdə tutula bilər. İstəyənlər qısa müddət iştirak edib, ayaqüstü şəkildə öz təbriklərini çatdıraraq məclisdən ayrıla bilərlər. İstəyənlər isə əyləşə bilər. Xüsusən yaxın ailə üzvləri və yaşlı insanlar üçün oturmaq imkanı yaradılmalıdır", - deyə Hüseyn İbrahimov fikrini tamamlayıb.
Türkan İsgəndərli