Müxalifət və kilsə arasında qalan Paşinyan: Təzyiqlər nəticə verəcək?

Siyasət

28.07.2025 13:30

“Ermənistan-Azərbaycan münasibətlərində sülh prosesinin taleyi hazırda Ermənistanın daxilindəki siyasi qeyri-müəyyənliklərlə bağlıdır”.

Politoloq Elşad Mirbəşiroğlu bunu TodayPress TV-yə danışarkən bildirib.

Onun sözlərinə görə, bu çətinliklər fonunda Azərbaycan tərəfindən Ermənistan cəmiyyətinə birbaşa ünvanlanan mesajlar mühüm strateji əhəmiyyət daşıyır. 

“Ermənistan ictimaiyyəti yaxşı anlayır ki, regionda sülhün təşəbbüskarı və daşıyıcısı məhz Azərbaycandır. Prezident İlham Əliyevin ardıcıl və prinsipial mövqeyi, xüsusilə kommunikasiyaların açılması və əməkdaşlığın qurulması ilə bağlı çağırışları bunun real sübutudur. Bunun fonunda Ermənistanın Baş naziri Nikol Paşinyanın sülh istiqamətində qətiyyətli addım atmaqdamn çəkinməsi isə göz qabağındadır. Çünki o, bu qərarların daxili siyasi mübarizədə əleyhinə istifadə ediləcəyindən ehtiyat edir. Konstitusiyanın dəyişdirilməsi məsələsində yaşanan tərəddüdlər, həmçinin imitasiya xarakterli addımlar da Paşinyan hakimiyyətinin zəif tərəflərini nümayiş etdirir".

Analitikin fikrincə, Paşinyan hökuməti Azərbaycanın yaratdığı yeni geosiyasi reallıqları qəbul etsə də, bu reallıqların legitimləşməsi üçün hələ də konkret siyasi iradə nümayiş etdirməyib. Halbuki nə Ermənistanın mənəvi, nə də siyasi resursları bu reallıqlara qarşı durmağa yetərlidir.

Bununla yanaşı, o diqqətə çatdırıb ki, 2026-cı ildə Ermənistanda keçiriləcək parlament seçkiləri öncəsi siyasi və ictimai gərginlik fonunda Paşinyan həm müxalifət, həm də kilsə təzyiqləri arasında mövqeyini qorumağa çalışır. Bu balans siyasəti isə regionda sülh imkanlarını ləngidir. Eyni zamanda, Ermənistan daxilində yenidən fəallaşan separatçı ritorikanın qarşısını almaq əvəzinə, buna dolayısı ilə şərait yaradılması prosesi daha da mürəkkəbləşdirir.

“Azərbaycan tərəfindən atılan addımlar yalnız öz maraqlarımıza deyil, bütövlükdə Cənubi Qafqazda sabitliyə və tərəfdaşlığa xidmət edir. Lakin rəsmi İrəvanın yürütdüyü siyasət bunun tamamilə əksidir. Bu baxımdan, Ermənistan Zəngəzur dəhlizi istiqamətində heç bir praktik çıxış etmir və özünü tranzit ölkə statusundan məhrum edir. Bu isə Paşinyanın xarici güclərdən asılı vəziyyətdə olduğunu və buna əsasən qərar qəbul etdiyini göstərir. Lakin Paşinyan sülh prosesində konkret nəticələr istəyirsə, ictimai dəstəyə arxalanmalıdır”.

Qeyd edək ki, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyanın “Berliner Zeitung” qəzetinə müsahibəsində Ermənistan cəmiyyətində yeni reallıqları sarsıtmaq tendensiyalarının müşahidə olunduğunu bildirib. Onun sözlərinə görə, artıq regiondakı yeni status-kvonu şübhə altına alan yeni cəhdlər var.

Töhfə Səməd

tag: Elşad Mirbəşiroğlu,Politoloq,Ermənistan,Paşinyan,Todaypress.tv,

photo